"Rəqabət olmadığına görə qiymət dayanmadan qalxır"

 18:35 04.06.2025     239

"Azərbaycanda hər bir regionda yaşayan vətəndaş çalışır ki, öz ipotekasını Bakı şəhərindən götürsün. Ona görə ki, düşünürlər gələcəkdə övladları paytaxtda təhsil alacaqlar və yaxud özləri qocalanda Bakıya köçəcəklər. Öz yaşadığı rayonda ipoteka götürən vətəndaşların sayı 2-3 dəfə azdır. Regionlarda daşınmaz əmlakın qiyməti baha olmadığına görə bir çox vətəndaşlar ipotekaya üz tutmurlar. Onlar şəhər qırağında torpaq alırlar. Həmin torpağın üstündə imkan etdikcə kiçik bir ev tikirlər".

Bunu Redaktor.az-a açıqlamasında əmlak eksperti Elnur Azadov millət vəkili Zahid Orucun "rayonlarda başa gələn mənzil və evlərin qiyməti aşağı olduğu üçün ipoteka siyasətini dəyişmək və paytaxtdan bölgələrə yönəltmək olar" fikrini şərh edərkən bildirdi.

Evlərin qiyməti niyə artır... - Səbəblər

Ekspert bildirdi ki, ipoteka çox vaxt əlverişli olmur. 

"Mən başqa cür yanaşardım ki, niyə Bakı şəhərində ən çox daşınmaz əmlakın qiyməti son 4 il ərzində 60 %-ə gəlib çıxıb? Bunun həll yolları nələrdir? Həll yolu odur ki, Bakı şəhərində köhnəlmiş yaşayış fondu 16 min binadır. Bu, risklidir, 1100-ü qəzalı vəziyyətdədir. Burada ciddi bir yanaşma, hökumətin mövqeyi lazımdır ki, şəhərdə olan köhnəlmiş binalarda şərait yaradılsın".

E.Azadov qeyd etdi ki, qiymətlərin ciddi artımı birbaşa tikinti şirkətləri ilə bağlıdır.

"Yəqin bunu hörmətli parlament üzvləri bilmirlər. Rəqabət olmadığına görə qiymət dayanmadan qalxır. Getdikcə bazarda olan əmlakların bir qismi ipoteka ilə alınıb-satıldığına görə onların təkrar satışı baş tutmur. Bizim hazırda 194 yaşayış üçün təhlükəli binamız var. Tikinti şirkətləri üçün şəffaflıq yaratmaq lazımdır ki, onlar dövlət qurumlarından az asılı olsunlar. Nə qədər az asılı olarlarsa, o qədər şəffaflıq olacaq. Təəssüflər olsun ki, bu istiqamətdə əksinə məhdudiyyətlər qoyulub. Tikinti şirkətlərinin həcmi demək olar 3-4 dəfə azalıb. Rəqabət yoxdur. Amma 2016–2017-ci illərdə Bakıda 100-dən çox bina tikildi və qiymətlər stabil oldu. Yalnız Ağ Şəhər, "Sea Breeze" ərazisində tikilən ərazilərdir. Başqa şəhərdə ildə 1-2 yeni layihə başlayır. Bu, tələbatı təmin etmir", - deyə müsahibimiz vurğuladı.

Aytəkin TOFİQQIZI