""TikTok" Çində yaranıb, lakin orada istifadə qadağandır" - AÇIQLAMA 

 16:51 05.06.2025     238

"Bu gün uşaqların sosiallaşmasında ailədən, bağçadan, məktəbdən və ali təhsil müəssisələrindən daha güclü təsir imkanına malik olan sosial şəbəkə platformalarıdır. Çünki biz "A" və "Z" nəslindən danışırıq. Bu nəsillər birbaşa smart qurğular və sosial şəbəkələrlə təmasda olan nəsillərdir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Üzeyir Şəfiyev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərovun "uşaqların "TikTok"a girişi qadağan edilməlidir" təklifinə münasibətini bildirərkən dedi.

"Təəssüf ki, sosial şəbəkələrdə süzgəc mexanizmləri tətbiq olunmur. Yəni əxlaqa zidd və sarı informasiyalar sosial şəbəkələr vasitəsilə uşaq və yeniyetmələrə neqativ təsir göstərir. Eyni zamanda sosial şəbəkələrdə müxtəlif insanlar qəhrəmanlaşdırılır, onların dəbdəbəli həyatı təqdim olunur. Nəticədə uşaqlar bu yaşayış tərzini doğru hesab edir və onları özlərinə kumir seçirlər. Bu yolverilməzdir.

Qeyd etmək lazımdır ki, ölkə başçımız 2018-ci ildə uşaqların zərərli informasiyalardan qorunması haqqında sənədə imza atmışdır. Həmin sənəddə də bu mövzular əhatə olunub. Təəssüflər olsun ki, bu gün sosial şəbəkələrdə uşaqları zərərli informasiyalarla “zəhərləyən” saytlar və sosial platformalar mövcuddur".

Sosioloq xüsusi olaraq vurğuladı ki, “TikTok” platforması uşaqların psixologiyasına daha dağıdıcı təsir göstərir.

"Təsadüfi deyil ki, bu platforma Çində yaranıb, lakin orada “TikTok”dan istifadə qadağandır. Orada onun analoqundan istifadə edirlər və həm uşaqlar, həm də böyüklər üçün ciddi limitlər mövcuddur. Çünki bu, əmək enerjisinə və ümumiyyətlə, düşünmə proseslərinə təsir göstərir. Çində də müəyyən olunub ki, bu platforma uşaqlarda məntiqi təhlil və düşünmə qabiliyyətini zəiflədir.

Fikrimcə, Azərbaycanda da sosial şəbəkələrin fəaliyyətini tənzimləyən ayrıca bir qanun qəbul olunmalıdır. Mən sosial şəbəkələrin tamamilə qadağan edilməsinin tərəfdarı deyiləm, lakin onların fəaliyyətinin tənzimlənməsi vacibdir. Çünki bu platformalardan faydalı şəkildə istifadə edən insanlar da mövcuddur. Sadəcə, düzgün və məqsədli istifadə olunarsa, sosial şəbəkələr faydalı ola bilər",- deyə Ü.Şəfiyev vurğuladı.

Xədicə BAXIŞLI