Azərbaycanda atmosferi nə çirkləndirir? - Mütəxəssislər AÇIQLADI

5 iyun "Ətraf Mühitin Mühafizəsi Günü" olaraq qeyd edilir. Ətraf mütühi isə çirkləndirən bir çox tullantılar var. Salafan paketlər, uşaq bezləri, plastik su qabları və s. bütün bunlar ekologiya üçün ciddi təhdid sayılır.
Bəs biz ətraf mühiti qorumaq üçün nələr etməliyik?
Redaktor.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, ətraf mühitin qorunması məsələsi əslində Yer kürəsinin, təbiətin məhv edilməsi kimi qlobal məsələdir:
"Azca dindən xəbəri olan bilir ki, Qurani-Kərimin bütün çağırışlarında insanları dünyanı dağıtmamağa çağırışlar var. Hətta deyilir ki, Allah yolunda nə iş görürsənsə, israf etmə. COP29-un mahiyyəti nə idi? O demək idi ki, ey insanlar, toplaşın və qərar qəbul edin. Yer kürəsini dağıtmışıq. Bu iki məsələni uyğunlaşdırıram ki, bəzi adamlar bizim müqəddəs kitabımızda elm axtarır. Deyirlər ki, elm yoxdur. Elm budur ki, yaşadığın kürəni dağıtma. İnsanlar çox ayrı davranış göstərməlidirlər.
Başqa ölkələrdə plastik qabların su hövzələrini necə zəbt etməsini görmüşəm. Doğma Azərbaycanımızda Lerikdən üzü dənizə tərəf axan bir çay var. Çayın insanların daxil olduğu yerləri zibillə doludur. Çox təəssüf olsun ki, tullantıların idarə olunması ilə bağlı çağırışlar, toplantılar olsa da, bütün dövlətlər biznes qurmağı dəstəkləyir, təbiət çoxlarının vecinə deyil. Biznes qurumları isə plastik qablaşdırmalardan pul əldə etməkdən əl çəkmək istəmir".
Müsahibimiz qeyd etdi ki, insanlar fikirlərini dəyişdirməli, ətraf mühit təmizlənməlidir.
"Bir neçə il öncə hökumət qərar qəbul etdi ki, plastik torbaların paylanmasının qarşısı alınsın, pulla satılsın. Biz hələ 2009-cu ildə küçə nümayişi keçirtmişik. Plastik mal istehsal edən müəssisələrə çağırış etmişik. İnsanların davranışında ciddi dəyişiklik olmalıdır. Plastik torbaların pulla satılması vəziyyətə 30 faiz təsir edib. Lakin qeyri-ərzaq mallarında ətraf mühitin çirklənməsi davam edir. Eləcə də istehsal prosesində kağız əsaslı qablaşdırmaya keçmə məsələsi əhəmiyyətlidir. Azad İstehlakçılar Birliyinin başladığı layihə 4 aylıq layihədir. İnsanları maarifləndirək ki, kiçik bir yerdə bu məsələlər həll olunsun", - deyə E.Hüseynov bildirdi.
Ekoloq Sadiq Həsənov isə bildirdi ki, ətraf mühitin çirklənməsi ilə bağlı çox böyük problemlərimiz var:
"Biz dünyadan ayrıca Azərbaycanı müzakirə etsək, əvvəlcə Azərbaycanın atmosferi həddindən artıq çirklənib. Bu çirklənmədə əsas faktorlardan biri neft-qaz hasilatıdır və avtomobil nəqliyyatıdır. Demək olar ki, ətraf mühitin çirklənməsində bu iki faktor əsasdır. Neftin hasilatı zamanı çıxan qarışıq qazlar atmosferə gedir. Bu isə çirklənmənin əsas səbəbidir. Azərbaycanda təəssüf ki, plastiklə bağlı çirklənmə çoxdur. İllik rəsmi məlumatlara görə, 19 min ton plastik paketlər və su qabları istehsal olunur".
Mütəxəssis bildirdi ki, plastik istehsalı zamanı ətraf mühitə karbohidrogen qazı buraxılır.
"İstənilən insan marketlərə daxil olur, paketlərdə ərzaqlar alır. Bu paketlər evə gəldikdən sonra tullantıya çevrilir. Onların ətraf mühitdə, suda, torpaqda parçalanma mexanizmi yoxdur. Uzun müddət ətraf mühitdə, torpaqda qala bilirlər. Bu, hətta 100 illərlə ölçülür. Bunların dənizə, çaylara atılması əlavə çirklənmə yaradır. Bunlar əsasən Araz çayında, Kür çayında, Xəzər dənizində müşahidə olunur.
Bir çox ölkələrdə birdəfəlik paketlərdən istifadə qadağan olunub. Bəzi yerlərdə paket qiymətləri qaldırıldı, bununla isə əhalinin kütləvi formada imtinası baş verdi. ABŞ-də insanlar əllərində torba ilə alış-verişə gəlirlər. Sellofandan istifadə etmirlər. Azərbaycanda qiymət siyasəti həyata keçirilsə də, bəzi vacib addımlar atılmadığı üçün əhəmiyyətli nəticə alınmadı.
Dövlətin və insanların həyata keçirəcəyi tədbirlər var. Marketə girəndə daha az paket almaq lazımdır. Əlavə olaraq, iri su qablarından istifadə edərək balaca su qablarından istifadənin qarşısını ala bilərik", - deyə ekoloq vurğuladı.
Aytəkin TOFİQQIZI
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "ekologiya və ətraf mühitin mühafizəsi" mövzusunda dərc olunub.
