"Qarpıza bu qədər nitrat verməməlidirlər" - Eyyub Hüseynovdan məmurlara ÇAĞIRIŞ

 17:58 10.06.2025     322

"İllər boyudur qarpız Azərbaycanda problemdir. Azərbaycanda təxminən 20 ildən artıqdır ki, “amerikanka” qarpızları əkilir. Bu qarpızların toxumunun 1 kiloqramı 5 min manat ətrafındadır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qarpız zəhərlənmələrindən danışarkən bildirdi.

"Allah və ya təbiət bütün bitkiləri, eynilə qarpızları elə yaradıb ki, onlar öz toxumlarından bar verirlər. Azad İstehlakçılar Birliyinin ehtimalına görə, bunlar genetik modifikasiya olunmuş toxumlardır. Azərbaycanda qədimdən əkilən qarpızların kökü kəsilib. Azərbaycanda qarpızların bazar görünüşünü əldə etmək üçün əkinçilər külli miqdarda gübrə istifadə edirlər. Dövlət qurumları gərək ayaqlarına rezin çəkmə geyib bu işlə məşğul olan kənd təsərrüfatı işçilərinin yanında olsunlar. İsti və ya sərin kabinetlərdə gözləməsinlər ki, əkinçi malı bazara çıxarır və əhali zəhərlənir", - deyə o vurğuladı.

E.Hüseynov qeyd etdi ki, kifayət qədər nitrat verilmiş qarpızlar böyük olur.

"Kəsəndə çox tez partlamır, içi çəhrayı olur və şirinliyi nitrat verilməmiş qarpızlardan çox olur. Nitrat az verilmiş qarpızlar 4–5 kq olur, içərisi al qırmızı rəngdə olur, tumları əksər hallarda böyük olur. Bakı ətrafında tapılır. Sabirabadda isə "Gülxanım" adlı xanım az miqdarda bunu əkir. Çox təəssüflər olsun ki, Azərbaycanın toxum bankında məndə olan məlumata görə köhnə qarpız toxumları saxlanılmır. Qarpızlar gübrə verilməsə belə, əvvəlki yonca yerində əkilsə, yerdəki nitratları özünə çəkir. Qarpızdan çox yeyilərsə, insan zəhərlənmə həddinə çata bilər. İllər boyudur, Azad İstehlakçılar Birliyi xüsusi aparatla yoxlamalar aparır və qarpızlarda nitrat normadan yuxarı müşahidə olunur. Zəhərlənmə həddinə çatmamaq üçün qarpızı gərək az yeyəsən. Qarpız təbiətin möcüzəsidir. Çox xeyirlidir, lakin nə etmək olar, onların tərkibi təmin olunmur. Qarpızı seçən zaman dediyim amillərə fikir verilməlidir. Kənd təsərrüfatı ilə məşğul olanlar qarpıza bu qədər nitrat verməməlidirlər. Müvafiq dövlət orqanları daim monitorinq aparmalıdırlar. Kəndlilərin yanında olmalıdırlar, sonra deməməlidirlər ki, çox nitrat verib məhsulu zay eləmisiz. Qarpızlar çox cəlbedici olsa da, insanların kütləvi və tədricən zəhərlənməsinə rəvac verən bitkidir", - deyə müsahibimiz fikrini yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI