"Bakıda olan taksi dayanacaqları o qədər də effektiv deyil" - Ekspert

 20:13 11.06.2025     379

"Gənclik Mall"un parklama yerinin giriş hissəsində "dropoff" mindirib-düşürmə məntəqəsi yaradılıb.

Bəs şəhərinin başqa küçələrində də bu məntəqələrin yaradılmasına ehtiyac varmı?

Mövzu ilə bağlı Redaktor.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov bildirdi ki, miinib-düşmə məntəqələrinin sayı artırılmalıdır:

"Hələ ki, Bakı şəhəri ərazisində 6 məntəqə var. Tbilisi prospekti ərazisində, Xoyski küçəsi ilə Olimpiya küçələrinin kəsişməsində, "Gənclik Mall" tərəfdə var. Düşünürəm ki, bütün metrostansiyaların yaxınlığında, həmçinin bizim iri küçələrin, prospektlərin kənarında məntəqələr yaradılmalıdır. İnsanların daha çox olduqları yerlərdə belə məntəqələrin yaradılması çox zəruridir".

Nəqliyyat ekspertinin sözlərinə görə, məntəqələrin yaradılmasına hazırda ehtiyac var.

"Çünki bizim indiki taksi sistemimiz elədir ki, sərnişin mobil tətbiq vasitəsi ilə yeri işarələyir və taksi ora gəlir. Taksi sistemini qəbul etmişiksə, minib-düşmə yerlərini təşkil etməliyik. Hətta deyərdim ki, Bakıda olan taksi dayanacaqları o qədər də effektiv deyil. Başqa nəqliyyat vasitələri taksilərin yerində saxlayır. Bu problemi aradan qaldırmaq üçün hətta uzunmüddətli taksi dayanacaqlarının da düşmə məntəqələrinə çevrilməsinin tərəfdarıyam", - deyə E.Cəfərov bildirdi.

Aytəkin TOFİQQIZI