Mənzildə yaşamayan şəxslər işıq pulu ödəyəcək - Ekspert: "Ədalətli deyil"

 21:49 11.06.2025     558

Azərbaycanda elektrik enerjisi ilə əlaqədar sabit aylıq tarifin tətbiqi gözlənilir. Bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin ötən gün keçirilən iclasında müzakirəyə çıxarılan "Elektroenergetika haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Aylıq sabit tarif nə dərəcədə ədalətlidir? Mexanizm necə tətbiq olunacaq?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında iqtisadçı Günay Hüseynova bildirdi ki, mənzildə yaşamayan şəxslərə sabit elektrik enerji tarifinin tətbiq edilməsini bir o qədər də ədalətli hesab etmir:

"Əgər tarif tətbiq edilərsə, ilk növbədə rayon, kəndlərdən başlanmalıdır. Elə kənd var ki, cəmi 4-5 nəfər sakini var. İşsizlik problemindən dolayı vətəndaşlar paytaxt Bakıya və ya ölkə xaricinə üz tutur.
İstifadə edilməyən elektrik enerjisinin saxlanma xərclərinə həqiqətənmi ehtiyac var? Bəzi ölkələr var ki, kommunal haqqı ümumiyyətlə ölkə vətəndaşları üçün pulsuzdur. Sərf etdiyi enerjinin məbləğini onsuz da ödəyir, saxlanma və ya digər xərcləri nə üçün ödəməlidir? İstifadə etdiyi enerjidən əlavə vergisini də vətəndaş ödəyir. Saxlanma xərclərindən qabaq baxmaq lazımdır ki, layiqli təminat varmı? Bir balaca külək, qar, yağış olan kimi elektriklər keçir. İlk növbədə xidmət səviyyəsini yaxşılaşdırmaq lazımdır".

Ekspert vurğuladı ki, enerji, qaz sərfiyyatında yay-qış rejimi olmalıdır ki, istidə kondisioner, qışda istiliyi vətəndaş istifadə edə bilsin.

"Əslində, bu qərarın tətbiqi enerji istifadəsində israfın qarşısının alınması üçündür. Enerji sektorunda israfın qarşısının alınması arzu olunandır. İspaniya, Türkiyə, ABŞ-də sosial dəstəyə ehtiyacı olanlar üçün onların qeydiyyat/yaşayış ünvanlarına xüsusi tarif tətbiq olunur. Bundan əlavə, Türkiyədə yerli, həmçinin xarici vətəndaşlar üçün güzəştli tarif tətbiq olunur. Belə ki, sərf olunan elektrik və təbii qazın müəyyən hissəsini dövlət qarşılayır. Aylıq çeklərdə də qeyd olunur, sərf etdiyiniz enerjinin, təbii qazın bu məbləğlik hissəsi dövlət tərəfindən qarşılanacaqdır.

Qərarın icrası ilə bağlı sadəcə ilkin açıqlamalar olub. Tam qəbulundan sonra təfərrüatları açıqlamaq mümkündür. Beynəlxalq təcrübədə, Amerika, Kanada bir sıra Avropa ölkələri və Türkiyədə var, lakin qərarin tətbiqi müxtəlifdir", - deyə G.Hüseynova qeyd etdi.

Aytəkin TOFİQQIZI