Deputatdan sənədsiz evlərlə bağlı maraqlı TƏKLİF: "Bakıdan köçən insanlara aid olmalıdır"

Hazırda Bakıda sənədsiz evlərin sayı 500 mindən çoxdur. Regionlarda isə bu sayın daha da çox olduğu bildirilir.
İllərdir sənədsiz evlərə çıxarış verilməsi barədə həm mətbuat tərəfindən, həm deputatlar tərəfindən məsələ qaldırılmağına baxmayaraq, bu məsələ öz həllini tapmır ki, tapmır.
Həmin evlərin sənədləşdirilməsi necə həllini tapa bilər, bunun üçün hansı hüquqi və inzibati addımların atılması lazımdır?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında millət vəkili Fazil Mustafa bildirdi ki, bu məsələ çoxdandır gündəmdədir və bunun çıxış yolları hələ də tapılmayıb:
"Bununla bağlı prezidentin sərəncamı da olub, amma ya həyata keçirmək mümkün olmayıb, ya da bu məsələdə hansısa çətinliklər ortaya çıxıb, bu barədə məlumatım yoxdur. Bu, çözülməli bir məsələdir. Əks halda, Bakı tıxac və gərginlik içində qalmağa davam edəcək. Bu da arzuolunan vəziyyət deyil. Hər halda bu məsələ ətrafında düşünülməlidir. Problem həllini tapmalıdır. Bu, həm də vətəndaşların müəyyən dərəcədə hüquqlarının qorunması, sənədli evlərin əldə olunması baxımından faydalıdır".
Deputat problemin həlli ilə bağlı fikirlərini də bölüşdü.
"Mən problemi görürəm, amma görməyim kifayət deyil axı. Problemin həlli odur ki, bir sərəncam verilir, vəssalam. 500 min və ya 1 milyon ev, hansı ki sənədsizdir, bunlar üçün komissiya yaradılır, sənədləşdirilir və özəlləşdirilir. Buradan həm büdcəyə pul daxil olur, həm də vətəndaş artıq qeyri-qanuni yaşayış vəziyyətindən çıxır, evini sata bilir, dəyişə bilir.
Burada əsas özəlləşmə o prinsiplə aparılır ki, vətəndaşın rayonda evi varsa, ora qayıda bilsin. Kimin rayonda evi, şəraiti varsa, onların qayıdışı üçün bu nəzərdə tutula bilər. Yəni onlara imtiyaz verilə bilər. Bunların isə hamıya tətbiq olunması problem yarada bilər.
Həm özəlləşdirəcəksən, həm də onsuz da bizə müəyyən dərəcədə Bakını yüngülləşdirmək lazımdır. Bu baxımdan məsələ daha çox buradan köçən insanlara aid olmalıdır. Və lazım gəlsə, hətta özəlləşəndən sonra dövlətə satıb Bakıdan getmək və rayonlarda məskunlaşmanı təmin etmək olar. Dövlət də həmin evi daha çox ehtiyacı olan, şəhərdə növbədə olan müəyyən kateqoriyadan olan insanlara verə bilər", - deyə Fazil Mustafa vurğuladı.
Xədicə BAXIŞLI