"Bakıda məişət tullantılarını maşınla daşıyıb Xəzərə tökürlərmiş" - Ekoloq

Dənizkənarı bulvarda pis qoxunun yayılması son zamanların aktual məsələlərindən biridir.
Qoxunun əsas yaranma səbəbləri nələrdir? Problem aradan necə qaldırıla bilər?
Redaktor.az-a açqılamasında ekoloq Sadiq Həsənov bildirdi ki, Dənizkənarı Bulvarda pis qoxunun gəlməsi dənizin həmin hissəsinin həddindən artıq çirklənməsi ilə bağlıdır:
"Məlumdur ki, uzun müddət ərzində Bakı şəhərinin kanalizasiya sistemi Xəzər dənizinə axıdılıb. İndi də dənizin səviyyəsi geri çəkildiyinə görə, - məlumata görə 2 metrə qədər geri çəkilmə var -düşünürəm ki, Xəzər dənizinə atılan kanalizasiya suları dənizin dib hissəsinə çöküb. Dəniz geri çəkildikcə çirklənmənin üstü açılır və orada toplanmış müxtəlif sənaye, məişət çirklənmələri ortaya çıxır. İndi havanın isti keçməsi ilə günəşin təsirindən kimyəvi maddələr parçalanmaya məruz qalırlar, bu da qoxunun yaranmasına səbəb olur".
Mütəxəssis qeyd etdi ki, çirklənmələrin qarşısını almaq üçün dünyada bəzi metodlar tətbiq olunur.
"Məsələn, bəzi yerlərdə göllərin çirklənməsi zamanı həmin gölləri təbii təmizlənməyə buraxırlar. Yəni əsas çirkləndirən mənbələr kəsilir. Göl isə özü-özünü bərpa edir. Xəzər dənizi daha böyük olduğuna və qapalı sistem olduğuna görə burada təmizlənmə üçün həmin metodu tətbiq etmək mümkündür. Həmin metoda demək olar ki, dənizin bir hissəsində tətbiq olunub, orada məişət çirklənməsi baş vermir.
Eyni zamanda, neft-qaz hasilatı zamanı dənizə çirklənmə çox axıdılmadığına görə həmin mənbələr kəsilib. Lakin dənizin dibində uzun müddət çirklənmə olduğuna görə - bəzi məlumatlara görə Bakı şəhərində yaranan məişət tullantılarını zamanında maşınla daşıyıb Xəzər dənizinə tökürlərmiş, - ancaq fiziki təmizləmənin tətbiqinə ehtiyac yaranıb. Təbii yolla təmizlənmə bəlkə də 15-20 və daha çox illər çəkəcək. Müxtəlif texnikalarla çirklənməni yığıb başqa ərazilərə daşamaq olar. Bu da böyük vəsait tələb etdiyindən düşünmürəm ki, bununla bağlı hər hansısa addım atılacaq", - deyə ekoloq bildirdi.
Aytəkin TOFİQQIZI