Elektron pul təşkilatları bu qərarın icrasına cəlb olunacaq

 21:35 18.06.2025     127

Elektron pul təşkilatları da inzibati cərimənin tətbiqi haqqında qərarın icrasına cəlb olunacaq.

Redaktor.az-ın xəbərinə görə, bu, Milli Məclisin iyunun 21-də keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən və ya möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən otuz gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir.

Nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən hüquqi şəxslər barəsində - hüquqi şəxsin pul vəsaitlərindən və ya gəlirlərindən tutulması üçün banka və ya digər kredit təşkilatları ilə bərabər elektron pul təşkilatlarına da göndəriləcək. Elektron pul təşkilatı qərarı onun daxil olduğu vaxtdan 7 gün müddətində icra etməlidir. Həmin müddət ərzində hüquqi şəxsin hesabında pul vəsaiti olmadıqda, elektron pul təşkilatı inzibati cərimənin tətbiq edilməsi haqqında qərarı, onun icra edilməməsinin səbəbini göstərməklə, qərarı qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) dərhal qaytarmalıdır.

Barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilən fiziki şəxs işləmirsə, yaxud onun əməkhaqqından və ya digər gəlirlərindən inzibati cərimənin ödənilməsi mümkün deyildirsə, eləcə də hüquqi elektron pul təşkilatlarında hesabları barədə məlumat və ya hüquqi şəxsin hesabında pul vəsaiti olmadıqda, yaxud cərimə könüllü qaydada ödənilmədikdə inzibati cərimə tətbiq etmə haqqında qərar “İcra haqqında” qanunda nəzərdə tutulmuş qaydada məcburi icraya yönəldiləcək.

Borclunun hesabına (hesablarına) xidmət edən elektron pul təşkilatı tərəfindən borclunun hesablarında tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli pul vəsaitlərinin olmasına baxmayaraq, təqdim olunmuş icra sənədinin borcludan pul vəsaitlərinin tutulmasına dair tələblərinin müəyyən edilmiş müddətdə icra edilməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə ediləcək.