"Sosial ehtiyacı olana qurumun büdcəsindən güzəşt olmalıdır, sıravi vətəndaşın yox" - İqtisadçı

Azərbaycanda qaz və işıq üçün yeni sabit aylıq tarifin tətbiq olunacağı gözlənilir. Bununla bağlı “Elektroenergetika haqqında” və “Qaz təchizatı haqqında” qanunlara dəyişiklik təklif edilib.
Sabit tarif vətəndaşların aylıq kommunal xərclərinə necə təsir edəcək?
Mövzu ilə bağlı Redaktor.az-a danışan iqtisadçı Günay Hüseynova bildirdi ki, bu qanun tam təsdiqini tapmadığı üçün və eyni zamanda tam təfərrüatı açıqlanmadığı üçün konkret olaraq nəsə demək mümkün deyil.
"Lakin ilkin açıqlamada qanuna dəyişiklik israfın qarşısının alınması, kommunal sahədə təchizata çəkilən xərclərin bərabər bölünməsi üçün nəzərdə tutulub. Digər ölkələrin təcrübəsində bu sistem sosial təminata ehtiyacı olan ailələr üçün nəzərdə tutulub ki, onlara da xüsusi tarif tətbiq olunur. Bizdə də belə olması daha məqsədəuyğun olar, nəinki bərabər paylanma. Sosial ehtiyacı olana qurumun büdcəsindən güzəşt olmalıdır, sıravi vətəndaşın yox. Bu gün sosial müavinət 20% artırılırsa, bu o deməkdir ki, növbəti il üçün vergi və yığımlar 30% artırılacaq".
İqtisadçının sözlərinə görə, tarifin vətəndaşın büdcəsinə təsiri kommunal xidmətlərin istifadə qaydasına görə dəyişəcək.
"Bir qrup şəxslər var ki, onsuz da minimum istifadə edir, yəni sabit tarifin altında qalarsa, kommunal xərclər onlar üçün dəyişiklik olmayacaq. Lakin orta və ortaüstü istifadə səviyyəsində isə vətəndaşlar tətbiq edilən məbləği ödəyəcəklər.
Ümumiyyətlə, tətbiqdən öncə kütləvi monitorinqə ehtiyac var. Əgər vətəndaşın aylıq kommunalına hər kVt⋅saat/m³ tətbiq ediləcək qəpikdən söhbət gedirsə, istixanalar, şadlıq sarayları, mərasim evlərindən başlamaq lazımdır ki, bu qurumlarda vəziyyət nə yerdədir", - deyə müsahibimiz vurğuladı.
Aytəkin TOFİQQIZI