"Sabah gəlib hava pulu alacaqlar ki, artıq oksigen işlədirik" - Şeyx Əbdül

 17:46 20.06.2025     89

Xəbər verdiyimiz kimi, Azərbaycanda qanunvericiliyin tələbləri nəzərə alınmaqla, yalnız süni torpaq sahələrində kazino oyunlarının təşkilinə və keçirilməsinə icazə veriləcək.

Redaktor.az-a danışan Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudbəyov bildirdi ki, süni torpaq oldu-olmadı, o, kazino oyunlarının əleyhinədir.

"Nə fərqi var ki, bu zirzəmidə açılır, ya da süni torpaqda? Söhbət açılan əxlaqsızlıq yuvasından gedir. Onu harada qadağa etməyin bir mahiyyəti yoxdur. Tək bu sahədə deyil, elmimiz, sənətimiz, milli dəyərlərimiz əldən gedir. Gündə min hoqqa çıxarırlar, vətəndaşları adam yerinə qoyan yoxdur. Bu gün sözün qiyməti yoxdur. Dünyada nə diplomatiya var, nə siyasət. Ancaq maddi dəyər var. Nə qədər ki, maddi maraq dövlətdən, qanundan üstün tutulursa, belə olacaq. Dünyanın aparıcı dövlətləri maddiyyat üstündə düşünürlər millət qırılır, şəhərlər isə məhv olur. Bütün dünya görmür ki, Putin Allahsızlıq edir, o boyda ölkəni məhv edir? Niyə danışmırlar? Axı Putinin diplomatı müsahibəsində deyib ki, Putin müharibəsiz, qan olmasa yaşaya bilmir. Sonra isə deyir: “Ola bilsin, 1 saatdan sonra yox olacam.” Əgər bunu bu adam deyirsə, dünya hara baxır? Demək, dünyanın öz maraqları var. Əhali qırılsın, şəhərlər dağılsın. Milyardları yığıb nə edəcəklər? Onsuz da öləcəklər. Allaha da şərik qatırlar. Eləcə də Azərbaycanı kazinoya çevirənlər. Bizim daha nəyimizi əlimizdən alacaqlar? Prezident zəhmət çəkir, pensiyaları, təqaüdləri artırır. Sonra isə maraqlı təşkilatlar qiymətləri qaldırır. Demişdim, bu gün kal meyvə satanlar Allahsızlıq edirlər. Alanlar da, satanlar da mühakimə olunmalıdır. Qoyun meyvə yetişsin. Nə istəyirsiniz? Qoy camaat normal qidalansın. Onsuz da od qiymətinə satılır. Bu meyvələr yetişməmiş dərilir, canımız da, pulumuz da gedir. Əslində adi görünən bu məsələ kütləvi şəkildə insanların sağlamlığına xəyanət edir".

Xalq artisti vurğuladı ki, dərman verilən meyvələr od qiymətinə satılır.

"Bu, kazinonun daha çətin variantıdır. Kazino belədir ki, ora pulu olanlar gedir. Amma biz gündəlik qidalanmaq üçün pomidoru, xiyarı, kartofu, meyvəni almalıyıq. Buna niyə münasibət bildirən yoxdur? Başdan ayağa sulfat olan pomidor 2-3 manatdan aşağı düşmür. Qarpızı yeyən zəhərlənir. Uşaqlar qarın ağrısına düşür. Niyə hər şey rüşvətlə, qohumluqla ölçülür? Kazino nədir, bizi evlərimizdən çıxarırlar. Sabah gəlib hava pulu alacaqlar ki, artıq oksigen işlədirik. Ağzımıza da yəqin ki, sayğac qoyacaqlar... Düşünürəm ki, artıq dəyərlər məhv olub. Adicə maşını rəngləyirsən, gərək arayış alasan. Şou əhli ağız burnunu dəyişirlər, bunlara söz deyən yoxdur. Şou əhli özünü tanınmaz hala salır. Nə üçün edirlər? Üzr istəyirəm, kazinolarda əxlaqsızlıq edib pul qazanmaq üçün edirlər. Adını isə şou-biznes qoyublar. Şou nədir, biznes nədir? Biznesin bir adı var zəhmət çəkərsən, pul qazanarsan, iş görərsən. Niyə əxlaq, mənəviyyat qanunları qəbul edilmir, başım çıxmır", - deyən Şeyx Əbdülün fikrincə görə, Milli Məclis əxlaqla bağlı qərar qəbul etməlidir.

Aytəkin TOFİQQIZI