Məktəbəhazırlıq qruplarına qəbul başlayıb, prioritet məktəblər açıqlandı - YENİLƏNİB

 15:44 21.06.2025     515

2025–2026-cı tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul zamanı prioritet tətbiq olunan məktəblər açıqlanıb.

MÜTDA-dan Redaktor.az-a bildirilib ki, prioritet hüququ tətbiq edilən məktəblərin siyahısı aidiyyəti yerli təhsili idarəetmə orqanları tərəfindən təsdiqlənərək vətəndaşlara www.mektebeqebul.edu.az portalı vasitəsilə təqdim edilib.

Qeyd edək ki, məktəbəhazırlıq qruplarına yalnız 2020-ci il təvəllüdlü, yəni bu il 5 yaşı tamam olan uşaqlar qəbul olunur və qeydiyyat prosesi 12 sentyabr 2025-ci ilədək davam edəcək.

Prioritet tətbiq edilən məktəblərin siyahısı ilə tanış olmaq üçün bu linkə daxil ola bilərsiniz.

 

11:07

***

Bu gündən etibarən 2025–2026-cı tədris ili üçün məktəbəhazırlıq qruplarına qəbul başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatında bildirilib.

Bildirilib ki, Azərbaycan bölməsi üzrə məktəb seçimi Bakı şəhəri istisna olmaqla, digər rayon və şəhərlərdə iyulun 8-dən, Bakı şəhərində isə iyulun 9-dan etibarən mümkün olacaq. Tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi iyulun 10-dan başlayacaq.

Qəbul prosesi 12 sentyabradək davam edəcək. Ümumi təhsil müəssisələrinə sənədlərin təqdim olunması isə 1–30 sentyabr 2025-ci il tarixləri arasında həyata keçiriləcək.

Qeydiyyat “mektebeqebul.edu.az” elektron sistemi vasitəsilə aparılacaq.

Xatırladaq ki, məktəbəhazırlıq qruplarına 2020-ci il təvəllüdlü, yəni bu il 5 yaşı tamam olan uşaqlar qəbul olunur.