Goranboyda yeni yaradılan istehsal müəssisəsində 200 nəfər daimi işlə təmin edilib - FOTOLAR

 16:40 24.06.2025     131

Ölkəmizdə müasir sənaye müəssisələri, yeni istehsal sahələri yaradılır, daxili tələbatın ödənilməsində yerli məhsulların payı artır, ixrac imkanları genişlənir. Goranboy rayonunda yeni istifadəyə verilən “Konstralab Industries” QSC-nin tikinti materialları istehsalı müəssisəsi də iqtisadi potensialın möhkəmləndirilməsi, məşğulluğun artırılmasına xidmət edəcək.

Redaktor.az xəbər verir ki, bunu Goranboy rayonuna təşkil olunan mediatur çərçivəsində jurnalistlərə “Konstralab Industries” QSC-nin təsisçisi Orxan Quluzadə jurnalistlərə açıqlamasında bildirib.

Qazanbulaq kəndində yaradılan, gips-karton, astar və üzlük gips məhsulları istehsal edəcək müəssisə müasir avadanlıqla təchiz olunub. Burada il ərzində əldə ediləcək 10 milyon kvadratmetr gips-karton lövhə, 150 min ton gipsəsaslı quru qarışıq kimi məhsulların yerli bazarda satışı ilə yanaşı, bir neçə ölkəyə ixracı da nəzərdə tutulur. Müəssisədə 200 nəfər daimi işlə təmin edilib. İstehsal zamanı istifadə edilən əsas xammal - yerli gips daşı Azərbaycanın müxtəlif regionlarındakı yataqlardan tədarük olunacaq. Növbəti mərhələdə kalsit və perlit istehsalı xətlərinin qurulması planlaşdırılır ki, bu da məhsulların maya dəyərinin aşağı düşməsinə səbəb olacaq.

Bununla yanaşı, gələcək inkişaf strategiyası çərçivəsində müəssisə fəaliyyətini genişləndirərək metal profil istehsalının təşkilini hədəfləyir. İnvestisiya dəyəri 33 milyon manat olan müəssisənin ümumi sahəsi 5 hektardır. Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən müəssisəyə 3,9 milyon manat güzəştli kredit ayrılıb. İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş investisiya təşviqi sənədi hesabına müəssisə idxal etdiyi avadanlıqlara görə 900 min manat güzəşt əldə edib.

Xatırladaq ki, iyunun 23-də Prezident İlham Əliyev müəssisənin açılışında iştirak edib (Report). 

2222222