Yayda dönərdən zəhərlənmə riski artır - Qida eksperti səbəbini AÇIQLADI

Yayın gəlişi ilə insanların qidalanma vərdişlərində müəyyən dəyişikliklər müşahidə olunur. İsti havalarda ağır yeməklərdən qaçmağa çalışanlar tez hazırlanan və əlçatan küçə yeməklərinə üstünlük verir. Bu baxımdan dönər geniş yayılmış qidalardan biridir.
Bəs yayda dönər yemək təhlükəlidirmi?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında qida eksperti Fərid Səfərov bildirdi ki, bu məsələ yay aylarında əhalinin sağlamlığını qorumaq baxımından çox aktualdır.
"Yay aylarında dönər yemək təhlükəlidir. İsti hava şəraiti, gigiyenik qaydalara əməl olunmaması və dönərin saxlanma şəraitindəki nöqsanlar zəhərlənmə riskini artırır.
İsti hava bakteriyaların sürətli çoxalmasına səbəb olur. Yay aylarında hava temperaturu +30°C və üzəri olur. Bu temperatur Salmonella, E.coli kimi bakteriyaların sürətli çoxalması üçün ideal mühit yaradır. Əgər dönərin ətinin temperaturu 65-70°C-dən aşağıdırsa, bu bakteriyalar sağ qala və çoxala bilər".
Ekspertin sözlərinə görə, vacib məsələlərdən biri də dönərin qapalı şəraitdə hazırlanmamasıdır.
"Dönər açıq havada və ya açıq vitrinli (şüşəsiz) şəraitdə hazırlanır, ətrafdan toz, həşəratlar, küçə çirkləri dönərin üzərinə qonur, bu, mikrobioloji çirklənməyə səbəb olur, havanın isti olması ilə birlikdə bu çirklənmə həddindən artıq riskli hal alır.
Dönər satıcıları bəzən dönəri tam bişmədən tez-tez kəsib təqdim edirlər. Ət içəridən çiy və ya yarıbişmiş qala bilər. Bu da zəhərlənməyə yol aça bilər.
Dönərlə verilən souslar (mayonez, ketçup, yoqurtlu souslar) və salatlar düzgün soyudulmasa sürətlə xarab olub toksin yaya bilər. İsti havada mayonez əsaslı souslar xüsusilə təhlükəlidir", - deyə Fərid Səfərov vurğuladı.
Aytəkin TOFİQQIZI