"Nəzarətsiz qalan uşaqlar bəzi şeyləri yaşlarından əvvəl öyrənə bilirlər" - Sosioloq

 17:44 30.06.2025     127

Bu gün uşaqların yaşlarına uyğun olmayan seriallara və müxtəlif ekran məzmunlarına çıxışları əvvəlki illərlə müqayisədə daha rahatdır. Xüsusilə, texnologiyanın inkişafı və fərdi mobil cihazların hər evə, hər uşağın əlinə çatması bu prosesi daha da sürətləndirib. Azyaşlıların telefon və planşetlərdə nələrə baxmaları isə, demək olar ki, nəzarətsizdir.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında sosioloq Lalə Mehralı bildirdi ki, əvvəllər televiziyalarda uşaq saatları olurdu:

"Məktəblilərin yay tətili dövründə gün boyu onlar üçün xüsusi efir saatları ayrılırdı. Bununla bağlı bildiriş verilirdi və bütün ailələr həmin bildirişə əməl edirdi. Yəni valideynlər bilirdilər ki, uşaqlar həmin saatlarda nəzarətsiz şəkildə televizora baxa bilərlər.

Bu gün texnologiya əsrində buna nəzarət etmək demək olar ki, mümkün deyil. Yalnız bir şərtlə mümkündür ki, uşağı 24 saat iki gözlə izləyəsən, yəni daim nəzarətdə saxlayasan ki, nə edir, nə izləyir, nəyə baxır. Bu da demək olar ki, real deyil. Çünki bu gün bizim hamımız işləmək və ya evdə hər hansı bir işlə məşğul olmaq məcburiyyətindəyik. Mümkün deyil ki, 24 saatlıq göz nəzarəti tətbiq edilsin. Belə olan halda nəzarətsiz uşaq istədiyini izləmək fürsəti əldə edə bilir.

Üstəlik, bu gün demək olar ki, bütün uşaqların sərbəst internet çıxışı var. Smartfon, smart televizorlar mövcuddur, buna görə də tam nəzarət mümkün deyil".

Sosioloq qeyd etdi ki, yalnız bu təhlükənin fərqində olan və 24 saatlıq nəzarət mexanizmini qura bilən valideynlər buna nəzarət edə bilərlər.

"Əvvəlki kimi bir kanal və bir televizor dövrü artıq yoxdur. Bu gün bir evdə yüzlərlə kanal, internet çıxışı, bir neçə televizor, smartfon, planşet və kompüter mövcuddur. Yəni demək olar ki, artıq nəzarət mexanizmini də qurmaq mümkün deyil.

Belə olan halda yeganə çıxış yolu uşaqların özlərinin məlumatlandırılması prinsipinə əsaslanır. Uşaq anlamalıdır ki, onun yaşına uyğun olmayan filmləri izləməməlidir və əgər izləmək istəsə, bu barədə valideyninə məlumat verməlidir. Valideyn həmin filmi araşdırmalı və onun uşağın yaşına uyğun olub olmadığını müəyyən etməlidir. Bundan sonra qərar verilməlidir.

Bu problem təkcə bizim ölkədə deyil, ümumilikdə bütün dünyada mövcuddur. Uşaqlar nəzarətsiz qalaraq istədiklərini izləyə bilirlər. Bədii film olsun, oyunlar, cizgi filmləri olsun – fərqi yoxdur. Ümumilikdə nəzarətsiz izləmə imkanları olduğuna görə, bəzi şeyləri yaşlarından əvvəl öyrənə bilirlər", - deyə Lalə Mehralı vurğuladı.

Xədicə BAXIŞLI