"Qadınlar öz yaşıdları ilə evlənməyi normal hesab etmirlər" - Sosioloq

 17:47 30.06.2025     103

Son zamanlar gənc xanımların özlərindən yaşca çox böyük olan bəylərlə evlənmə halları daha çox müşahidə olunur.

Bəs qadınların özlərindən yaşca böyük kişilərə üstünlük verməsinin əsas səbəbi nədir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan sosioloq Lalə Mehralı bildirdi ki, bu, çox müzakirə olunan məsələdir:

"Mən yetkinlik yaşına çatdıqdan sonra insanların qərarlarına müdaxilə edilməməsi tərəfdarıyam. Əgər xanım 20–25 yaşındadırsa və 40 yaşında biri ilə ailə qurmaq istəyirsə, bunda qəbahət axtarmaq lazım deyil. Ola bilər, ruhuna yaxın hiss edir, daha əlverişli ailə şəraiti axtarır və ya bu onun seçimidir. Tibb elmi deyir ki, qadınlar kişilərdən daha tez formalaşır".

Sosioloqun sözlərinə görə, qadınlar öz yaşıdları ilə evlənməyi normal hesab etmirlər.

"20 yaşında bir xanım, 20 yaşında bir oğlanı uşaq hesab edir. Qadınlar psixoloji və fiziki olaraq kişilərdən daha tez yetkinləşirlər. Kişilərin fizioloji olaraq yetkinlik dövrünə çatması qadınlardakından daha çətindir. Bu səbəbdən əksər qadınlar özlərindən yaşca böyük insanla evlənməyi normal hesab edirlər. 10–12, bəzən isə 15 yaş fərqi müşahidə edilir. Bu isə cəmiyyətdə normal qarşılanır", - deyə Lalə Mehralı bildirdi.

Aytəkin TOFİQQIZI