Uşaqların yaşına uyğun olmayan serialların gizli təhlükələri - Psixoloqdan XƏBƏRDARLIQ

"Müasir dövrdə texnologiya uşaqların həyatına çox erkən yaşlardan daxil olur. Televizor, planşet və mobil telefonlar artıq bir çox uşaq üçün gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Bu cihazlar vasitəsilə uşaqlar saysız-hesabsız video məzmunlarına, o cümlədən seriallara asanlıqla çıxış əldə edə bilirlər. Lakin bu, təkcə əyləncə deyil, bəzən ciddi riskləri də özü ilə gətirir".
Bu fikirləri Redaktor.az-a açıqlamasında psixoloq Pərvanə Musayeva uşaqların yaşına uyğun olmayan seriallara baxmalarının psixologiyalarına necə təsir göstərəcəyi haqda danışarkən bildirdi.
"Valideynlərin qarşısında duran əsas sual budur: baxılan seriallar uşağın yaşına və psixoloji inkişafına nə qədər uyğundur? Təəssüf ki, hər televiziya proqramı, serial uşaq üçün uyğun deyil. Yaş səviyyəsinə uyğun olmayan görüntülər, səhnələr və davranış modelləri uşaqların dünyagörüşünə, hisslərinə və inkişafına mənfi təsir göstərə bilər.
Uşaqlar izlədikləri məzmunları yalnız müşahidə etmirlər, onlar bu səhnələri təqlid edir, onlardan nəticə çıxarır və öz davranışlarını buna uyğun formalaşdırırlar. Uyğun olmayan serialların yaratdığı təhlükələri aşağıdakı kimi qruplaşdırmaq olar:
Emosional travma: Qorxulu, gərgin və ya aqressiv səhnələr uşaqlarda daxili narahatlıq, qorxu və hətta yuxu pozuntuları yarada bilər. Bu, onların gündəlik əhvalına və emosional sabitliyinə birbaşa təsir edir.
Şiddətin normallaşması: Uşaqlar təhqir, zorakılıq və digər aqressiv davranışları əks etdirən səhnələri gördükcə, bu davranışların “normal” olduğunu düşünə bilərlər. Nəticədə empati hissi zəifləyir, aqressivlik artır.
Sosial rolların yanlış qavranılması: Bəzi seriallarda qadın və kişi rolları stereotip şəkildə təqdim olunur, seksual məzmun və böyüklərə xas davranışlar uşaqlara çatdırılır. Bu isə onların öz bədənlərinə və cinsiyyət rollarına dair yanlış təsəvvürlər formalaşdırmasına səbəb olur.
Əxlaqi dəyərlərin zədələnməsi: Aldatma, yalan danışmaq və qaydalara tabe olmamaq kimi davranışlar bəzən seriallarda “əyləncəli” və “cəzbedici” kimi göstərilir. Uşaqlar bu davranışları təqlid edərək sosial və əxlaqi sərhədləri qarışdıra bilərlər.
Dil və emosional inkişafın zəifləməsi: Söyüş, lağ etmə və digər kobud ifadələr uşaqlarda nitq mədəniyyətini və duyğularını ifadə etmə bacarığını zəiflədir. Bu həm də onların sosial münasibətlərinə mənfi təsir göstərə bilər".
Psixoloq qeyd etdi ki, məhz bu səbəbdən valideynlərin aktiv və şüurlu mövqe sərgiləməsi olduqca vacibdir.
"Təkcə qadağalarla deyil, yönləndirmə və müşayiətlə uşağın media təcrübəsi sağlam istiqamətdə formalaşdırıla bilər.
İzlənən məzmunlara nəzarət edilməlidir. Uşağın nə izlədiyini bilmək və uyğun platformaları seçmək (məsələn, "YouTube Kids", "Netflix Kids") təhlükəli məzmunların qarşısını almaqda ilk addımdır.
Ekran vaxtının məhdudlaşdırılması lazımdır. 3–6 yaş arası uşaqlar üçün gündəlik ekran vaxtı bir saatı keçməməlidir. Bu müddət içərisində yalnız yaşa uyğun, inkişaf etdirici kontentlərə yer verilməlidir.
Birlikdə izləmək və söhbət etmək. Uşaqlarla birgə baxılan proqramlar onların hisslərini anlamaq və düzgün istiqamətləndirmək üçün fürsətdir. Uşağın hansı səhnədən qorxduğu, nəyə güldüyü və nəyə maraq göstərdiyi haqqında söhbət etmək onun duyğusal tənzimlənməsinə və analiz bacarığına kömək edir.
Ekran xaricində alternativlər yaratmaq: Oyunlar, kitab oxuma, rəsm çəkmək, açıq havada vaxt keçirmək kimi alternativlər uşaq üçün ekranın cazibəsini azalda bilər.
Media nümunəsi olmaq: Uşaqlar təkcə deyilənə yox, görünənə də baxırlar. Valideynin özü də ekran qarşısında balanslı davranaraq uşağa sağlam model təqdim etməlidir.
Uşaqların yaşına uyğun olmayan seriallar birbaşa gözlə görünməyən, amma dərin izlər buraxan təsirlər yarada bilər. Valideynlərin rolu təkcə məhdudiyyət qoymaqla bitmir. Onlar uşaqlarına sağlam media seçmə bacarığı, zövq və tənqidi düşüncə qazandıraraq, gələcəkdə də müstəqil və şüurlu seçimini təmin edə bilərlər",- deyə Pərvanə Musayeva vurğuladı.
Xədicə BAXIŞLI