"R" hərfi olmayan aylarda balıq yemək təhlükəlidir - Mütəxəssisdən vacib TÖVSİYƏLƏR

"Balığın tərkibi qida maddələri ilə zəngin olduğuna görə faydalı ətlər sırasındadır və daha tez həzm olunan zülal mənşəli olmaqla yanaşı, tərkibindəki əvəzsiz omeqa yağları var ki, orqanizmdə daha faydalı şəkildə parçalanır. Eyni zamanda balıq D vitamini ilə də çox zəngindir ki, bu da hər yaşda insanın orqanizmi üçün vacib olan elementlərdən biridir".
Bu fikirləri Redaktor.az-a Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova balığa məxsus xüsusiyyətlərdən danışarkən bildirdi.
"Xüsusilə yuxarı yaşlı, hipertoniyadan, şəkərdən əziyyət çəkənlər və yaxud xroniki xəstəlikləri olan insanlar üçün balıq tez həzm olunduğu və qida dəyəri zəngin olduğuna görə pəhriz qidası kimi də dəyərləndirilir. Balığın tərkibində mineral maddələr, karbohidratlar, vitaminlər, fermentlər, asan həzm olunan bioloji aktiv maddələr olduğuna görə həftədə iki dəfə hər yaşdan olan insanların qəbul etməsi mütləq vacibdir. Həmçinin digər böyük baş heyvanlarda olan və qana qırmızılıq verən mioqlobin balıq ətində olmadığına görə onun rəngi fərqli olur, ağ, açıq boz və yaxud qismən çəhrayıya çalır" - deyən ekspert əlavə etdi ki, balığı mənşəyi bəlli olan yerlərdən təzə almaq lazımdır.
M.Hüseynovanın sözlərinə görə, balıq zülal mənşəli olduğundan dolayı tez xarab olmasına görə yüksək risk qrupuna aid qidalar sırasındadır:
"Təmiz və düzgün qaydada bişirilmiş balıq mütləq şəkildə az qızardılmalı, amma yaxşı bişirilməlidir. Belə olan halda balıq immun sistemini möhkəmləndirir, zərərli xolestrolu orqanizmdən, demək olar ki, uzaqlaşdırır, sinir sistemini sakitləşdirir. Tərkibindəki A vitamini sayəsində gözlərin görməsini yaxşılaşdırır və eyni zamanda dərinin bioloji qocalmasının qarşısını alır. Mütləq şəkildə balığı hazırlayarkən sanitar gigiyena qaydalarına əməl etmək lazımdır. Çünki balığın tərkibində xüsuslə patogen xəstəlik törədən mikroorqanizmlər var ki, bunlar daha tez çoxalır. Ona görə də baytarlıq nəzarətindən keçməyən, uzun müddət açıq havada satılan balıqları almaqdan çəkinmək lazımdır. Balığı soyuducuda -18 dərəcədə 3 aya qədər saxlamaq olar".
Qida mütəxəssisi qeyd etdi ki, kürütökmə dönəmində olan balığı qəbul etmək məsləhət deyil.
"Bəzi bölgələrdə maydan başlayaraq, adında "r" hərfi olmayan aylarda balıq yeməyin təhlükəsi ilə bağlı bir xalq deyimi də var. Amma bu tamamilə yanlışdır. Çünki bəzi balıqlar var ki, onların çoxalma və kürütökmə vaxtı fərqli dövrlərə təsadüf edir. Yaxşı olar ki, həmin növ balığı kürütökmə dövründə qəbul etməsinlər, çünki həm o dövrdə onu əgər ovlayırıqsa, nəsli kəsilmək qorxusu var, həm də həmin dövrdə daha fərqli vitamin mineral dəyərinə malik olur ki, bu bəzən həssas, immun sistemi aşağı olan insanların həzm sistemində problemə gətirib çıxardır. Bundan başqa balığı bəzi məhsullar var ki, onlarla birlikdə qəbul etmək tövsiyə olunur. Məsələn, şəxs genetik olaraq əgər dəniz məhsullarından çox istifadə etməyibsə, bəzən həm balıq, həm də digər dəniz məhsulları bir arada qəbul olunduqda həzm sistemində çətinlik yarandığından zəhərlənmə riski arta bilər. Qeyd edim ki, Azərbaycan üçün xarakterik olan farel, sazan, alabalıq, osetrin kimi balıqları qəbul etmək olar, başqa ölkələrə getdikdə isə yaxşı bişirilmiş yalnız bir növ balığı yemək orqanizmin sağlamlığı üçün daha faydalıdır", - deyə müsahibimiz bildirdi.
Aytəkin TOFİQQIZI