Sosial şəbəkələrdəki “xoşbəxt ailə”, “romantik həyat” obrazlarına inanmayın - Psixoloqdan AÇIQLAMA

 19:19 01.07.2025     135

Müasir dövrdə sosial şəbəkələr həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Bəzi insanlar gördükləri bu həyata meyil də edirlər. Gündəlik ünsiyyət, məlumat mübadiləsi və hətta əyləncə mənbəyi kimi geniş istifadə edilən bu platformalar, bəzən ailə içində gözlənilməz gərginliklərə səbəb olur.

Bəs insanlar bilmədikləri bu həyata niyə meyil edir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən psixoloq Zeynəb Əyyubova qeyd edib ki, sosial şəbəkələrdə paylaşılan görüntülər əksər hallarda filtrlənmiş, seçilmiş və hətta bəzən qurulmuş məqamlardır:

"İnsanlar, xüsusilə də öz həyatından narazı olanlar, bu “ideal” görüntüləri reallıq kimi qəbul edib öz həyatları ilə müqayisəyə başlayırlar. Bu da özgüvən itkisinə, narazılığa və nəticədə psixoloji gərginliyə səbəb ola bilir. Əgər bir şəxs sosial şəbəkələrdə daim “xoşbəxt ailə”, “romantik həyat”, “mükəmməl ata-ana” obrazları görürsə, öz həyat yoldaşından da eyni davranışları gözləməyə başlayır. Halbuki real həyatda hər ailənin öz çətinlikləri var. Bu gözləntilər qarşılanmadıqda isə narazılıq, mübahisələr və emosional uzaqlaşma başlayır".

Psixoloqun sözlərinə görə, burada iki əsas psixoloji mexanizm işləyir.

"İnsanlar daim özlərini başqaları ilə müqayisə edirlər. Sosial şəbəkələr isə bu müqayisəni qeyri-real hala gətirir. İnsanlar sosial mediada gördükləri “ideal” obrazları ümumi həqiqət kimi qəbul edirlər. Bu isə reallıqdan uzaqlaşma və emosional narahatlıq yaradır. Sosial şəbəkələrdə gördüklərimizin yalnız bir hissə olduğunu qəbul etmək vacibdir. Öz ailəmizi, həyat yoldaşımızı başqaları ilə müqayisə etməmək, münasibətləri real və səmimi şəkildə dəyərləndirmək lazımdır. Ən əsası isə ailə daxilində açıq ünsiyyətə üstünlük vermək və bir-birimizi olduğu kimi qəbul etməyə çalışmaqdır. Əgər bu gərginliklər dərinləşirsə, bir psixoloqla danışmaq da münasibətləri qorumaqda mühüm rol oynaya bilər, - deyə Z.Əyyubova qeyd etdi.

Nuriyyə NATİQQIZI