Yayda balılq yemək olar? - Ekspert açıqladı

İsti havalarda balıq yeyilməsi narahatlıq doğuran məsələlərdən biridir.
Bəs həqiqətənmi yayda balıq və balıq məhsulları yemək təhlükəlidir?
Redaktor.az-a danışan qida eksperti Asim Vəliyev bildirdi ki, yay aylarında balıq yeməklə bağlı cəmiyyətdə bir qədər tərəddüd var.
"Bir çox hallarda "isti havada balıq yemək olarmı", "balıq yayda daha tez xarab olurmu" kimi suallar verilir. Bu suallar tam əsaslıdır, çünki yüksək temperatur qidaların, xüsusilə də heyvani mənşəli məhsulların tez xarab olmasına səbəb ola bilir. Amma düzgün saxlanma və bişirmə şəraitində balıq məhsulları yayda da rahatlıqla və təhlükəsiz şəkildə istehlak edilə bilər.
Balıq, digər ət məhsullarına nisbətən daha tez xarab olan bir qidadır. Bunun səbəbi onun tərkibindəki su və zülal miqdarının yüksək olması, həmçinin bəzi yağların oksidləşməyə daha həssas olmasıdır. Yayın isti havasında əgər balıq düzgün şəraitdə saxlanmazsa, qısa müddətdə bakteriyaların çoxalması ilə qida zəhərlənməsinə səbəb ola bilər. Bu səbəbdən insanlar haqlı olaraq yayda balıq yeməkdən çəkinirlər".
Qida eksperti qeyd etdi ki, balıq məhsulu soyudulmuş və ya dondurulmuş şəkildə, 0-4°C temperatur arasında saxlanılıbsa və gigiyenik şəraitdə hazırlanıbsa, yayda da balıq yemək olar.
"Heç bir qorxulu hal yoxdur. Balıq insan sağlamlığı üçün çox faydalıdır. Omega-3 yağ turşuları, D vitamini, yüksək keyfiyyətli zülallar və minerallarla zəngindir. Yay aylarında balıq alarkən diqqətli olmaq vacib şərtdir.
Balıq mütləq şəkildə soyuducuda və ya buz üzərində saxlanmalıdır. Təzə balığın gözü parlaq, dərisi sürüşkən, qoxusu isə dəniz və ya yüngül duz iyi kimi olmalıdır. Balığın ətində boşalma, gözündə bulanıqlıq və kəskin pis qoxu varsa, bu balıq artıq xarab olub. Əgər dondurulmuş balıq alırsınızsa, onun dondurulma tarixini yoxlayın və bir neçə dəfə donu açılıbsa, bu da risklidir. Balığın yaxşı bişirilməsi də onun təhlükəsizliyi üçün vacib şərtdir. Yayda çiy və ya az bişmiş balıq yemək risklidir. Bu hal qida mənşəli infeksiyalara səbəb ola bilər. Bu səbəbdən balığı qızardaraq, buxarda bişirirək yeyə bilərik", - deyə Asim Vəliyev bildirdi.
Aytəkin TOFİQQIZI