"İctimai nəqliyyatda yaşlı insanların ayaq üstə qalması təhlükəlidir" - SƏBƏB

İctimai nəqliyyatda gənclərlə yaşlılar arasında zaman-zaman yer vermək məsələsi üzərində yaşanan mübahisələr diqqət çəkir.
Bəs niyə gənclər bu mövzuda aqressivdirlər?
Mövzu ilə bağlı Redaktor.az‑a açıqlama verən sosioloq Məhbubə Mehdiyeva qeyd etdi ki, ictimai nəqliyyatda oturacaq yerini başqa sərnişinə vermək, bu, bir mübahisə deyil, mədəniyyətdir:
"Bəzən gənclərlə yaşlılar arasında belə mübahisə olur: "Niyə yer verməliyəm?", "Oturmaq mənim də haqqımdır!" Peyğəmbərimiz (s.ə.s) buyurur: “Böyüyə hörmət etməyən, kiçiyə mərhəmət göstərməyən bizdən deyildir”. Yəni yaşlıya hörmət etməmək, sadəcə tərbiyəsizlik yox, dini baxımdan da doğru deyil. Yer vermək sadəcə bir yer dəyişmək deyil, hörmətin, mərhəmətin göstəricisidir. Yaşlı insanların ayaq üstə qalması təhlükəlidir. Sümük sistemi zəif olur, yıxılanda çox asanlıqla sınıq ola bilər. Həmçinin biz yer verəndə, sadəcə tərbiyə yox, bir insanın sağlamlığını qorumuş oluruq".
Sosioloqun sözlərinə görə, dünyanın bir çox ölkəsində yaşlılara böyük hörmət var:
"Yaponiyada yaşlılara böyük hörmət var. Gənclər avtobusda, qatarda heç düşünmədən yer verir. Çünki onlar bilir: yaşlılara hörmət, mədəniyyətin əsasıdır. Almaniyada ictimai nəqliyyatda xüsusi işarələr var: “Bu yer yaşlılara, hamilə qadınlara və əlillərə aiddir”. Gənclər bu qaydaya əməl etməyə borclu sayılır. İstər İslam baxımından, istər elmi, istər də mədəni baxımdan yer vermək düzgün davranışdır. Mübahisə etməyə ehtiyac yoxdur. Yer vermək bizim kiçilməyimiz deyil, böyüklüyümüzdür".
Nuriyyə NATİQQIZI