Günəş altında saxlanılan suları alarkən butulkanın altındakı koda baxın - Ekspertdən TÖVSİYƏ

Yay aylarında daha çox müşahidə olunan hallardan biri, suların plastik qablar içərisində küçədə günəş şüaları altında saxlanılmasıdır.
Bəs plastik butulkadakı suların günəş şüaları altında saxlanılması hansı təhlükələri yaradır?
Mövzu ilə bağlı Redaktor.az-a danışan qida eksperti İlkin Şirinov bildirdi ki, havaların istiləşməsi ilə küçədə suların kütləvi satışının şahidi oluruq.
"Bu həm adi sulara, həm də şirəli sulara aiddir. Plastik qablarda və yaxud bazar qarşısında köşklərdə, heç bir soyuducu sistemi olmadan, kölgə təşkil olunmadan bu sular günəş şüası altında müştəriyə təqdim olunur. Deyərdim ki, burada məsuliyyət həm satan insanın, həm də müştərinin üzərinə düşür. Bu gün günəş şüaları altında plastik qablarda satılan sular problem yaradacaq. Su plastik qab içərisində günəş şüası altında qaldıqda tərkibində kimyəvi dəyişiklik baş verir".
Ekspertin sözlərinə görə, plastik qab istiyə məruz qaldıqda müxtəlif maddələri suya buraxa bilir.
"Dad və qoxuda yüksək dəyişiklik ola bilər. Suyun tərkibindəki dəyişikliklər insanda baş ağrısı, ürək bulanma, ishal ilə müşahidə oluna bilər. İsti mühitin suyun keyfiyyətini pozması birmənalıdır. Suyun dad və qoxusunun dəyişməsi mikrobioloji çirklənmə deməkdir. Müştərilər aldıqları məhsulların saxlandığı yerə baxsınlar. Gigiyenik normalara uyğun olmayan yerlərdən məhsul almasınlar. Bacardıqca şüşə qablardan istifadə olunmalıdır. Əgər günəş şüası altında su uzun müddət saxlanılıb, daha sonra satışa çıxarılarsa, satış ilə məşğul olanlar üçün bu məsuliyyət yaradır".
Müsahibimiz qeyd etdi ki, plastik qabların altında üçbucaq işarənin içərisində bir rəqəm var (1-dən 7-yə qədər olan rəqəmlər).
"Bu rəqəmlər sadəcə rəqəm deyil. Bunlar kodlaşdırılmış rəqəmlərdir. Kodlar plastikin növünü təyin edir. Məsələn, 3, 6, 7 rəqəmləri isti şəraitdə müxtəlif kimyəvi maddələr ifraz edə bilərlər. Bu plastik qablar uzun müddət suyu saxlamaq üçün uyğun deyil. Ən təhlükəsiz plastik növləri üçbucaq işarənin içərisində 2 və 5 yazılanlardır. Bunlar istiyə davamlıdır və uşaqlar üçün də su qabı kimi istifadə oluna bilir", - deyə İlkin Şirinov bildirdi.
Aytəkin TOFİQQIZI