"Xoşbəxtlik böyük səyahətlərdə və ya bahalı istirahətlərdə deyil" - Psixoloqdan TÖVSİYƏ

"Yay tətili sadəcə bədənimiz üçün deyil, eyni zamanda ruhumuz və zehnimiz üçün də bir dincəlmə fürsətidir. Uzun müddətli iş gərginliyi, stres və şəhər həyatı insanın daxili balansını poza bilər".
Bu fikirləri Redaktor.az-a psixoloq Zeynəb Əyyubova yay tətili zamanı insanların necə dincəlməli olduqlarından danışarkən bildirdi.
Onun sözlərinə görə, yay aylarını sadəcə fiziki istirahət yox, psixoloji bərpa dövrü kimi qəbul etmək çox önəmlidir:
"Əvvəla hər kəsin psixoloji ehtiyacları fərqlidir, lakin ümumi olaraq bir neçə tövsiyə verə bilərəm:
İnsanın beyni dəyişiklikləri sevir. Həmişə eyni rejimdə yaşamaq psixikanı yorar. Yayda iş tempini dəyişmək, yeni yerə səyahət etmək və ya sadəcə fərqli bir hobbiyə başlamaq beyni stimullaşdırır və ruh halını yüksəldir. Araşdırmalar sübut edir ki, təbiət insan psixologiyasına müsbət təsir edir. Göl kənarında gəzmək, meşədə dincəlmək, dəniz havası almaq stres hormonlarını azaldır. Sosial şəbəkələr və telefonlar daim stimullaşdırıcıdır və istirahətə mane olur. Həftədə bir neçə saat, ya da bir neçə gün “rəqəmsal detoks” etmək psixoloji olaraq yüngüllük gətirə bilər".
Psixoloq qeyd etdi ki, yay tətili özünü dinləmək üçün ən gözəl zamandır.
"Meditasiya, gündəlik yazmaq, səssiz düşünmək bunların hamısı daxili sakitlik gətirir.
Sosial dəstək psixoloji sağlamlığın təməlidir. Sevdiklərimizlə keyfiyyətli zaman keçirmək həm münasibətləri gücləndirir, həm də daxili rahatlıq yaradır. İnsanlar başqalarının paylaşımlarını görür, özlərini müqayisə edir və “mən niyə bu qədər xoşbəxt deyiləm?” deyə düşünürlər. Bu isə stresi daha da artırır. Halbuki hər kəsin istirahət tərzi fərqlidir və istirahətin məhsuldar olması onun səssiz, sadə və ruhu dincəldən olması ilə ölçülür. Əgər insan yay tətilinə yalnız istirahət deyil, eyni zamanda özünü tanıma, daxili balansı bərpa etmə və mənəvi inkişaf üçün bir fürsət kimi yanaşsa, bu dövr onun üçün yeni bir başlanğıc ola bilər. Hətta bəzən bir yay tətili insanın bütün həyatına yeni baxış qazandıra bilər.
Özünüzə qarşı mehriban olun. Tətili planladığınız kimi keçirmədinizsə, narahat olmayın. Ruhun ehtiyaclarını başa düşmək, ona uyğun hərəkət etmək hər şeydən önəmlidir. Xoşbəxtlik böyük səyahətlərdə və ya bahalı istirahətlərdə deyil, bir fincan çayın yanında dinclik tapmaqda, sakitcə kitab oxumaqda, sevdiklərinizlə gülməkdə gizlidir", - deyə Z.Əyyubova bildirdi.
Aytəkin TOFİQQIZI