"Yol kənarında meyvə-tərəvəz alarkən tozlu yerdən almayın" - Ekspertdən ÇAĞIRIŞ

Yay aylarında yol kənarlarında meyvə və tərəvəzlər satılır.
Bəs yol kənarında satılan bu meyvə-tərəvəzlərin hansısa ziyanları varmı?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında qida eksperti Fərid Səfərov bildirdi ki, yay aylarında yol kənarlarında satılan meyvə və tərəvəzlərin sağlamlıq üçün bəzi potensial zərərləri var.
"Yol kənarında daim hərəkətdə olan avtomobillərdən egzoz qazları, qurum, toz və ağır metallar (xüsusilə qurğuşun) havaya yayılır. Bu çirkləndiricilər meyvə və tərəvəzlərin səthində toplanaraq tənəffüs və həzm yolu ilə insan orqanizminə keçə bilər. Xüsusilə qabığı yeyilən və ya qabıqsız istifadə edilən (üzüm, çiyələk, alça, göyərti) məhsullarda risk daha yüksəkdir".
Ekspertin sözlərinə görə, meyvə-tərəvəz günəş altında uzun müddət saxlanarsa, vitamin və antioksidant tərkibi azalır.
"Etilen ifrazı ilə məhsul daha tez çürüyə bilər. Yetişmiş meyvədə başlayan fermentasiya zəhərlənməyə səbəb ola bilər. Yol kənarında satılan məhsullar çox zaman yuyulmur. Satıcı gigiyenasına və təmizliyə nəzarət edilmir. Xüsusilə tez xarab olan məhsullar (pomidor, göyərti) sərin şəraitdə saxlanmadıqda qısa müddətdə mikroorqanizmlər artır. Bu da ishal, qarın ağrısı və zəhərlənməyə səbəb ola bilər".
F.Səfərov çıxış yolundan da danışdı:
"Yol kənarında meyvə-tərəvəz alarkən tozlu yerdən almayın. Alınan məhsulu bol su ilə yaxşıca yuyun. Qabığını soyaraq yemək daha təhlükəsiz ola bilər. Çox yumşalmış, zədələnmiş, qəribə qoxulu məhsullardan uzaq durun", - deyə müsahibimiz qeyd etdi.
Aytəkin TOFİQQIZI