Eyni filmi dəfələrlə izləmək bunun əlaməti imiş... - Psixoloq AÇIQLADI

Bəzi insanlar bir filmi bir dəfə izləyir, bəyənir və keçir. Amma elə insanlar da var ki, həmin filmi dəfələrlə izləyir.
Bu davranışın arxasında hansı psixoloji ehtiyaclar dayana bilər?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında psixoloq Aydan Məmmədovanın sözlərinə görə, bəzi insanlar var ki, eyni filmi dəfələrlə izləməyi sevirlər və bu davranış ilk baxışda adi bir vərdiş kimi görünə bilər, amma əslində onun arxasında maraqlı psixoloji səbəblər dayanır:
"Ən əsas səbəblərdən biri təhlükəsizlik hissidir. İnsan tanış olan, nəticəsini əvvəlcədən bildiyi bir şeyə baxanda özünü daha rahat hiss edir. Film boyunca nə olacağını bilmək, bizə bir növ sakitlik verir. Çünki həyatda hər şey çox dəyişkən və bəzən qeyri-müəyyəndir, amma bu film dəyişmir. Bu da insana nəzarət hissi verir".
Psixoloq qeyd etdi ki, xüsusilə stresli və narahat zamanlarda bu cür tanış şeylərə qayıtmaq insanı sakitləşdirə bilər.
"Bir başqa səbəb isə emosional bağdır. Bəzən bir film bizə keçmişimizi, gözəl bir xatirəni, ya da sevdiyimiz bir dövrü xatırladır. Onu təkrar izləmək, sanki o hissləri bir daha yaşamaq kimidir. Bu da insana özünü yaxşı hiss etdirir. Bəzən də bu filmlər bizim üçün daxili bir güzgü rolunu oynayır. Niyə məhz o filmə qayıdırıq? Hansı hissələri bizə toxunur? Bunlar da özümüzü tanımağımıza kömək edir.
Qısacası, eyni filmi dəfələrlə izləmək çox normal və bəzən də psixoloji ehtiyaclara cavab verən bir davranışdır. Bu hal sadəcə darıxdığımız üçün deyil, içimizdəki müəyyən duyğulara toxunduğuna görə baş verir", - deyə Aydan Məmmədova bildirdi.
Xədicə BAXIŞLI