Pulumuz cırıq, yaxud zədəlidirsə, nə etməliyik? - Ekspertdən AÇIQLAMA

Gündəlik həyatımızda, xüsusilə alış-veriş zamanı tez-tez rastlaşırıq ki, pul əskinaslarımız zədələnmiş və ya cırıq olur. Bəzən marketlər belə bu cür əskinasları qəbul etmir, səbəb kimi də pulun zədələnmiş olmasını göstərirlər.
Bəs bu kimi hallarda vətəndaş nə etməlidir?
Mövzu ilə bağlı Redaktor.az-a danışan iqtisadçı ekspert Elçin Rəşidov bildirdi ki, belə olduğu halda Mərkəzi Banka müraciət etmək lazımdır:
"Xarici valyuta bir qədər əzilmiş və ya cırıq olduğu halda onu dəyişmək mümkün deyil. Hətta Mərkəzi Bankda belə xarici pullar dəyişdirilmir. Bu, bir qədər problemli mövzudur. Belə çıxır ki, vətəndaş bu pullardan yalnız xaricdə istifadə edə və ya orada dəyişə bilər. Yerli milli valyutamız isə cırıq və ya əzikdirsə, Mərkəzi Banka müraciət etməklə dəyişmək mümkündür. Dövlət bankları, Azərbaycan Mərkəzi Bankının qərarlarına əsasən, həmin əskinasları qəbul etməli və vətəndaşlar üçün dəyişdirməlidirlər. Yalnız o halda ki, milli valyutanın üzərindəki seriya nömrəsi zədəlidirsə, bu cür pullar qəbul edilmir".
Nuriyyə NATİQQIZI