"Açılmış konservi tez bir zamanda istifadə etmək lazımdır" - Qida ekspertindən ÇAĞIRIŞ

 19:01 08.07.2025     59

"Konservləşdirilmiş qidalar istifadə edərkən mütləq şəkildə diqqət olunacaq məqam onun mənşəyi bəlli olan, sanitar-gigiyena qaydalarına uyğun şəkildə hazırlanması və keyfiyyətli qida məhsullarından hazırlanması, eyni zamanda son istifadə müddətinin keçməməsinə diqqət olunmalıdır. Çünki, əgər bu qaydalara əməl olunaraq düzgün saxlanılıbsa, həmin məhsuldan istifadə etmək olar".

Bu fikirləri Redaktor.az-a açıqlamasında qida eksperti Məhsəti Hüseynova konservləşdirilmiş qidalarda diqqət olunmalı nüanslardan danışarkən bildirdi. Onun sözlərinə görə, istifadə etməzdən öncə mütləq qablaşmanın vəziyyətinə baxmaq lazımdır:

"Əgər qapaqda şişkinlik varsa, konservləşdirilmiş bankada, qutuda şişkinlik varsa, bu, onun tərkibində məhsulların xarab olduğunu, qaz əmələ gətirdiyini göstərir ki, bu məhsul qətiyyən istifadə olunmamalıdır. Əgər qablaşmada hər hansı zədələnmə, çat, əzik varsa, hava keçirən deşik, paslanma varsa, mütləq şəkildə bu məhsuldan da uzaq durmaq lazımdır. İstehsal və son istifadə tarixinə baxmaq lazımdır. Burada da onunla yanaşı tərkibi ilə bağlı məlumata da fikir vermək lazımdır. Saxlanma şəraiti də önəmli faktordur. Yəni, saxlanma şəraitində yazıldığı şəkildə saxlanılırsa, bu məhsulu almaq olar".

M.Hüseynova qeyd etdi ki, yayda yüksək temperatur olduğundan bakteriyalar sürətlə arta bilir.

"Ona görə, açılmış konservi tez bir zamanda istifadə etmək lazımdır. Saxlayarkən də soyuducuda saxlanmasına diqqət olunmalıdır. Əks halda zəhərlənmə riski, xüsusilə zəhərlənmənin botulizm növü var ki, bu, zəhərlənmənin ən təhlükəli növüdür. Bunlara mütləq diqqət etmək lazımdır.

Evdə hazırlanmış konservlər olur ki, bunlardan ən təhlükəlisi ət, balıq və digər bu kimi məhsullardan hazırlanan konservlərdir ki, onlara xüsusi diqqət lazımdır. Bəzən onlar etibarlı mənbədən alınmadığı üçün müəyyən bir zəhərlənməyə səbəb ola bilər. Buna görə bu tərz qidalar aldığımız zaman mənşəyini bilib, güvəndiyimiz markalara müraciət etməliyik.

Eyni zamanda evdə hazırlasaq belə, hazırlanma tarixini qeyd etmək lazımdır. Yay mövsümündə meyvə-tərəvəzin bol olduğu zamanda konservləşdirilmiş deyil, təzə, mövsümi qidalardan yemək tövsiyə olunur", - deyə qida eksperti bildirdi.

Xədicə BAXIŞLI