"Hansısa serialda olan, mənası başa düşülməyən adları uşaqlara qoymaq yolverilməzdir"

 15:30 09.07.2025     155

Son vaxtlar Azərbaycanda yeni doğulan uşaqlara verilən adlarla bağlı cəmiyyət arasında müxtəlif fikirlər formalaşmaqdadır. Əvvəllər ad seçimi daha çox ailə ənənələrinə, milli-mənəvi dəyərlərə və tarixi şəxsiyyətlərə əsaslansa da, son illərdə bu meyil dəyişməkdədir. Valideynlər bəzən film və serial qəhrəmanlarının, yad mənşəli və ya qeyri-adi tələffüzə malik adların təsiri altında qərar verirlər.

Bəs qoyulan adlar gələcəkdə uşaqların sosial mühitdə formalaşmalarına təsir edə bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan sosiloq Üzeyir Şəfiyev bildirdi ki, adlar valideynlər tərəfindən övladlara verilən ilk hədiyyədir. Onun fikrincə, gərək bu hədiyyə çox dəyərli və qiymətli olsun ki, uşağın genetik inkişafı boyu onun sosiallaşmasında rol oynasın:

"Adlar mənalı məzmunlu olmalı və milli xarakter daşımalıdır. Elə olmalıdır ki, uşaq adına görə utanmasın, ətrafı tərəfindən replikalara məruz qalmasın və ya həyatının ortasında adını dəyişməyə məcbur olmasın. Valideynlər təsadüfi adlardan qaçmalıdır. Hansısa serialda, filmdə olan, mənası başa düşülməyən adları uşaqlara qoymaq yolverilməzdir. Çox yaxşı olar ki, şəhid, qazi, qəhrəman adları yaşadılsın. Bu, uşağın sosiallaşması üçün daha çox töhfə verir, nəinki məzmunsuz və arxaik adlar".

Sosioloqun sözlərinə görə, ad komissiyası bu məsələyə xüsusi həssaslıqla yanaşmalıdır.

"Azərbaycanda, çox təəssüflər olsun ki, bəzən meyvə adlarını uşaqlara qoyurlar. Bu, heç də həmişə uğurlu alınmır. Məsələn, Gilas, Alma və s. adlar bəzən qoyulur. Belə hallar, güman edirəm ki, uşaqlar üçün sonradan böyük travma yaradır. Sonra isə uşaq adından imtina etməyə məcbur olur. Çox təəssüf olsun ki, bəzən də ideoloji adlar uşaqlara qoyulur. Din xadimlərinin adları uşaqlara verilir. Baxırıq ki, adlarımızın əksəriyyəti ərəb adlarıdır. Bu da yaxşı hal deyil. Bizim Azərbaycan xalqının özünəməxsus tarixi var və tarixi xidmətləri olan şəxsiyyətlərimiz var. Onların adlarını yaşatmaq lazımdır.

Əvvəllər “Dədə Qorqud” eposunda da göstərilirdi ki, adı uşaq həyatda qazanardı və elin ağsaqqalı ad qoyardı. Ərəb işğalından sonra ərəb adları qoyulmağa başladı. Hesab edirəm ki, belə yanaşmalardan qaçmaq lazımdır. Valideynlər bu məsələdə çox diqqətli və həssas olmalıdırlar. Uşaq üçün “adı ilə böyüsün” təsadüfən deyilmir. Uşaq bəzən adına uyğun davranış sərgiləyir", - deyə müsahibimiz fikrini yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI