"Boşanmaların sayı artıb, uşaq dünyaya gətirmə meyilləri azalıb" - Mail Yaqub

Son illərdə Azərbaycanda ailə qurma modellərində müşahidə olunan dəyişikliklər diqqətçəkici hal alıb. Ənənəvi nikah formasına alternativ olaraq, vətəndaş nikahı ilə yaşayan cütlüklərin sayı artmaqda davam edir.
Mövzu ilə bağlı Redaktor.az-a danışan sosioloq Mail Yaqub bildirdi ki, Azərbaycanda ailə dəyərləri əvvəlki illərlə müqayisədə zəifləməyə başlayıb.
"Bu, bütün dünyada belədir. Təəssüf ki, Azərbaycan da həmçinin bu qatara minib irəliləyir. Bizdə boşanmaların sayı artıb, uşaq dünyaya gətirmə meyilləri azalıb. Bütün bunların səbəbi insanlarda ailə məsuliyyətinin azalmasıdır. Təəssüf ki, Avropadakı kimi vətəndaş nikahı deyilən fenomen bizdə də yayılmağa başlayıb".
Sosioloqun sözlərinə görə, vətəndaş nikahında ailə məsuliyyəti olmur.
"Bunun niyə belə olduğunun bir neçə səbəbi var. Əsas səbəblərdən biri də sosial şəbəkələrin geniş yayılmasıdır. Bu problemin qarşısının alınması üçün ciddi səylər göstərmək lazımdır. Bu proses yaxın 20-30 ildə Azərbaycanda əhalinin sayının azalmasına gətirib çıxaracaq", - deyə M.Yaqub vurğuladı.
Nuriyyə NATİQQIZI