"Bəzən qızlar ailə qurarkən hisslərinin qurbanı olub səhv qərarlar verirlər" - Günay Kərimi

Son günlər sosial şəbəkələrdə və ictimaiyyət arasında geniş rezonans doğuran Qobustanda qaynatanın gəlinini öldürməsi ilə bağlı dəhşətli hadisə cəmiyyətimizin üzərinə bir daha ciddi suallar qoyur. 24 yaşlı gənc bir qadının həyatına qəddarcasına son qoyulması, eyni zamanda həyat yoldaşına da xəsarət yetirməsi, sadəcə kriminal bir olay deyil, bu, cəmiyyətin psixoloji təməllərindəki çatların bariz göstəricisidir.
Bəs bəzi insanlar necə bu psixologiyaya sahib ola bilir?
Mövzu ilə bağlı Redaktor.az-a danışan psixoloq Günay Kərimi bildirdi ki, sağlam təməl üzərində qurulan ailələr bir cəmiyyətin sağlam formalaşmasının əsas özəyidir:
"Çünki o ailələr sağlam olur ki, onların bünövrələri möhkəm təməl üzərində qurulur. Hər dövrlərdə olduğu kimi, bu gün də cəmiyyətimizdə təəssüf ki, sağlam olmayan ailələrə rast gəlməkdəyik. Belə ailələrdə doğulan, tərbiyə alan, formalaşan uşaqlar da millətimiz üçün, cəmiyyətimiz üçün yararlı insanlar olmurlar. Bəzən qızlar ailə qurarkən ya duyğularının, hisslərinin qurbanı olub səhv qərarlar verirlər, ya ailələrinin onların əvəzinə etdikləri seçimlərin qurbanı olurlar, ya da ümumiyyətlə doğru seçim edə bilmirlər. Burada yaş, inkişaf da böyük rol oynayır. Səbəb nə olursa olsun, həyatlarının geri qalan hissəsini əziyyətlə yaşayır, çarəsiz qalır, ya da boşanmalara üz tuturlar. Xüsusilə də ailələrə böyüklərin müdaxilələri varsa, yəni cütlüklərin işinə qayınana, qayınata müdaxilə edirsə, bu da ailələrdə problemlərin yaranmasına yol açır".
Psixoloqun sözlərinə görə, övladını gəlini ilə bölüşə bilməmək, ona qarşı nifrət, aqressiyanı artırır.
"Qayınata bəzən gəlinini xadimə kimi görür, ona əziyyət verir, bəzən də şiddət, zorakılıq göstərirlər. Bəzən xanımına qarşı gəncliyindən göstərdiyi şiddəti gəlininə də yönəldir. Belə insanlar evlərində də belə hallarla böyüyürlər. Bəziləri uşaqlıqdan atalarında öz analarına qarşı da münasibəti belə görüb onu qəbul edə bilirlər və gələcək həyatlarında olan qadınına, qızına, gəlininə də eyni davranırlar. Təəssüf ki, ölüm halları ilə də qarşılaşa bilirik. Əlbəttə ki, belə insanlar artıq psixatriyatik problemləri olan insanlardır ki, gəlininə qarşı qətl hadisəsi törədə bilir və belə insanlar zamanında hər kəsdən gizlədilmək əvəzinə müalicə almalı və lazım gələrsə də evdən uzaqlaşdırılmalıdırlar. Çünki onlar xüsusilə də bir nəfərə qarşı aqressiya formalaşdırıb o insana müxtəlif xəsarətlər və ya qətl törədə bilirlər", - deyə G.Kərimi qeyd etdi.
Nuriyyə NATİQQIZI