"Gündə ən azı bir neçə saat real münasibətlərə vaxt ayırın" - Psixoloq

Sosial media,ağıllı telefonlar həyatımızın ayrılmaz parçasına çevrilib. Gənclər və uşaqlar üzərində "bədən imici", "mükəmməllik təzyiqi", və "bəyənmə asılılığı", gözəllik meyarının sosial media üzərindən dəyərləndirilməsi kimi psixoloji gərginliklər də artmaqdadır.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında psixoloq Pərvanə Musayeva bildirdi ki, bu gün sosial media bəzən dostlarla ünsiyyət qurmaq, bəzən əylənmək, bəzən də gündəmdən xəbərdar olmaq üçün istifadə olunur:
"Amma xüsusilə gənclər və uşaqlar üçün bu rəqəmsal dünyanın görünməyən, təhlükəli tərəfləri də var. Bədən görüntüsü, mükəmməl görünmə təzyiqi və "bəyənmə" asılılığı – bunların hər biri psixoloji sağlamlığa ciddi təsir edə bilər.
"İnstagram", "TikTok", "Snapchat" kimi platformalarda tez-tez “ideal görünüşlü” insanlar görürük. Onlarda hamar dəri, incə bel, əzələli bədən, “filtrsiz belə gözəl” özçəkimlər edilir və paylaşılır. Bu görüntülər bir çox gəncin və hətta uşağın öz bədəninə fərqli və tənqidi gözlə baxmasına səbəb olur. “Mən niyə belə görünmürəm?”, “niyə mənim burnum, qarınım, dərim onlar kimi deyil?” kimi sualları da özlərinə tez-tez verdiklərini müşahidə edirik. Bu kimi suallar zamanla özünübəyənməməyə, güvənsizliyə və depressiv əhvala səbəb ola bilər. Halbuki unuduruq ki, bu paylaşımların çoxu filtr, poza və işıq effektinin məhsuludur və reallıq deyil".
Psixoloqun fikrincə, gənclər getdikcə daha çox düşünürlər ki, hər paylaşdıqları şəkil, hər söz, hər görünüş “qüsursuz” olmalıdır:
"Sosial mediada uğurlu olmaq üçün daim bir yarış başlayır. İnsanlar ən gözəl olmaq, ən yaxşı görünmək, ən çox izlənmək istəyirlər. Bu təzyiq isə özü ilə birlikdə xroniki narahatlığa (anksiyetəyə), özünü daimi olaraq başqaları ilə müqayisə etməyə, emosional tükənməyə (burnout) səbəb ola bilər.
Sosial media "bəyənmə", "şərh" və "görüntülənmə" sayıları ilə bizə sanki mükafat hissi verir. Xüsusilə gənclər üçün bu, təhlükəli bir fikrə çevrilə bilər. “Məni nə qədər insan bəyənibsə, deməli, bir o qədər dəyərliyəm”. Bu kimi fikirlər psixolojik olaraq insanda duyğusal asılılığa, dəyərin yalnız görünüş və rəqəmlərlə əlaqələndirilməsinə, bəyənmə az olduqda özünü dəyərsiz hiss etməyə gətirib çıxarır.
Sosial media düzgün istifadə olunduqda faydalı alətə çevrilə bilər. Amma onu idarə etmədikdə, o bizi idarə etməyə başlayır".
Müsahibimiz gənclərə və uşaqlara bu reallığı öyrətməyin vacib və tövsiyəli olduğunu bildirdi.
"Açıq söhbətlər aparın , “nə hiss edirsən?”, “niyə paylaşmaq istəyirsən?” kimi suallarla empatiya qurun. Real və qeyri-real görüntüləri ayırd etməyə kömək edin. Dəyərləri "bəyənmə"dən deyil, öz maraqları və şəxsiyyətlərindən çıxarmağa təşviq edin. Ekransız zaman yaradın. Gündə ən azı bir neçə saat real münasibətlərə vaxt ayırmaq psixoloji baxımdan çox önəmlidir.
Unutmamaq lazımdır ki, filtersizlik də gözəllikdir. Real həyat kameraya sığmır. Gənclərə öyrətməliyik ki, dəyərli olmaq görünüş, rəqəm və təsdiqlə yox, daxili zənginliklə, şəxsiyyətlə, dürüstlüklə ölçülür",- deyə psixoloq qeyd etdi.
Xədicə BAXIŞLI