Çörək cüzi ucuzlaşa bilər - İqtisadçı

 13:46 10.07.2025     141

Bakıda və Abşeronda unun topdansatış qiyməti azalıb.

Bəs bu, çörəyin qiymətinə təsir edə bilərmi?

Redaktor.az-a danışan iqtisadçı Günay Hüseynova bildirdi ki, qlobal iqtisadiyyatda buğda və taxıl məhsullarının, həmçinin də unun qiymətində azalma müşahidə edilib.

"İlk növbədə onu qeyd edim ki, bu azalma təkliflə əlaqədardır. Belə ki, Amerika, Braziliya, Argentinada bu il məhsul daha bol olub. Bundan əlavə, Rusiya-Ukrayna savaşları da tələbi azaldıb və nəticə etibarilə bolluq olduğu üçün qiymətlərdə azalma var. Azərbaycanda unun qiymətinin azalması və çörəyin qiymətinə təsirinə gəldikdə isə cüzi ucuzlaşma və çörəyin çəkisinin artırılması ola bilər".

İqtisadçı qeyd etdi ki, çörək zəruri ehtiyac malı hesab olunsa da, onun qiymətindəki cüzi endirim və ya çəki artımı istehlakçının bir o qədər də maraq dairəsində deyil.

"İlkin səbəb odur ki, çörəyin qiyməti 60 qəpik, çəkisi 400-500 qram olsa da, alıcı gündəlik ehtiyac miqdarı qədər alacaq və ya qiymət 2 manat, çəki 250 qram olsa da. Həmçinin çörək elə bir məhsuldur ki, növbəti istifadələr üçün uzun müddətli saxlamaq da mümkün deyil. Tətbiq olunacaq cüzi 5-10 qəpiklik endirim və ya çəki artımı istehlakçı maraqlarını bir o qədər də qarşılamır. Yalnız 35-40%-lik qiymət artımı olsaydı, bu barədə nəsə demək olardı, lakin hal-hazırda o qədər də ucuzlaşma görünmür". - deyə G.Hüseynova əlavə etdi.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən