"Uşağa verilən “Nənəş”, “Binəli” adları lağa qoyula bilər" - Psixoloq

 18:56 10.07.2025     101

"Qoyulan ad hər uşağa istər həyat, istərsə də psixoloji baxımdan təsir edə bilər. Sözsüz ki, əsas məsələ adın necə olması və necə səsləndirilməsidir".

Bu fikirləri Redaktor.az-a psixoloq Nabat Mirzəyeva yeni doğulan körpələrə qoyulan qeyri-adi adlardan danışarkən bildirdi.

Onun sözlərinə görə, bəzi adlar lağ obyekti olur:

"Bir uşağa qoyulan ad onun bağça mərhələsində, məktəb mərhələsində dostları tərəfindən lağ obyekti olacaqsa, bu, uşağın psixologiyasına mənfi təsir göstərəcək. Məsələn, “Dua” adı ilə bağlı uşağa valideynlər qəşəng izah verərlərsə, sözsüz ki, həmin ad uşaq üçün qürur duyulacaq ad olar. Bu zaman həmin ad uşağa neqativ düşüncə verməyə bilər, hətta ona güc, qüvvə verə bilər. “Nənəş”, “Binəli” lağa, məsxərəyə qoyula bilər. Bunlarsa həmin uşaqlara ağır travmalar yarada bilər. Yaxud adlar köhnə adlar olarsa, uşaq özünü geridə qalmış insan kimi düşünə bilər".

Psixoloq bildirdi ki, uşaq adının yaxşı seçilmədiyinin fərqinə vara bilər.

"Bu isə onun özünə inamını və güvənini azalda bilər. Bəzi ikili adlar da var. Məsələn, “Dua” adı, həm qıza, həm oğlana qoyula bilən adlardandır. Çox təəssüf ki, bu da uşaq üçün lağ obyekti ola bilər. Ümumiyyətlə, valideynlər övladlarına ad seçən zaman dəqiq düşünməlidirlər. Övladlarına ətrafdakı insanlar səsləndikdə necə təsir edəcək, bunları düşünməlidirlər. Qoyulan adın mənasını valideyn övlada izah etməlidir. Keçmişə məxsus olan adlardan eləsini qoymaq lazımdır ki, uşaq o adla qürur duymalı və özünə xoş təsir bağışlamalı, adından utanmamalıdır", - deyə müsahibimiz fikrini yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən