"Evlənmədən öncə cütlüklər psixoloji "check-up" da olmalıdır" - Psixoloqdan TƏKLİF

 19:40 10.07.2025     103

Son illərdə Azərbaycanın boşanma statistikasında baş verən artım, cəmiyyətin diqqət mərkəzində olan sosial məsələlərdən birinə çevrilib.

Bəs ailələrdə boşanmaların səbəbi nədir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən psixoloq Aydan Məmmədova bildirdi ki, son zamanlarda boşanmaların sayı artır. Onun sözlərinə görə, bunun bir çox səbəbi var:

"Məsələn, iqtisadi problemlər, şəxsiyyətlərarası problemlər, məcburi və ya qohum evlilikləri və s. Cütlüklərə yetərincə zaman tanınmaması əslində boşanmaya gətirib çıxarır. Bildiyimiz kimi mentalitet gərəyi əgər cütlük bir araya gəlirsə, sonda mütləq şəkildə ailə həyatı qurmalıdır. Evliliyi dərk etmədən, şəxslər bir-birini tanımadan, ailəm razı qalsın deyərək evlənir və sonda da bu cür hallar artır.  Buna səbəb həm yuxarıda qeyd etdiklərim, həm də bir sıra psixoloji səbəblər, həmçinin bioloji səbəblər qeyd etmək olar. Psixoloji olaraq ailə həyatını, əks cinslə bağlı doğru fikir yoxdursa, ilk gecədən qorxan xanımlar hələ də var. Evlilikdə aldadılma, xəyanət qorxusu olan şəxslər, öz valideyinləri ilə münasibəti qaydasında olmayan əksər gənclər həyatına aldığı hər bir şəxsi əslində valideyini ilə eyniləşdirir. Evlilik sadə hal deyil, məsuliyyət tələb edir. Yaşı 20+ olsa da, günümüzdə yetkin olmayan şəxslər çoxdur".

Müsahibimizin sözlərinə görə, evlilik prosesini hər bir insan dərk etməlidir.

""Mən nə üçün evlənirəm?", "mən evlənəcəyim şəxsi hansı xüsusiyyətinə əsasən seçmişəm?", "övladlarımız olsa, necə ana və ya ata olacağıq?", "bu evlilik bizə nə qazandıracaq?" və s. kimi sualları özümüzə verməliyik. Aldığımız cavablar doğru şəkildə addım atmağımıza kömək edəcək. Evlənmədən öncə necə ki, bioloji olaraq uyğun yoxlamaq üçün analiz istəlinir, eyni qaydada psixoloji olaraq da cütlüklər psixoloji "check-up" olmalıdır. O zaman bu evlilikdə uğurlu və ya uğursuz olacaqların fərqinə varacaqlar. İndi mən hər kəsə sual verirəm: sabah evlənsəniz nə üçün evlənərsiniz? Bu evlilikdə həm xoşbəxt olub, həm də xoşbəxt edə biləcəksiniz? Bunlardan əlavə, ailə o zaman dağılır ki, o ailədə ünsiyyət yoxdur (sözlü, toxunsal, vizual, audioal). Hər bir ailədə mütləq şəkildə dəyər, şəxsiyyətə hörmət, sevgi, qayğı, güvən, diqqət və s. olmalıdır. Əks halda şəxslər arasında qırğınlıq, inciklik, emosional qopmalar yaşanacaq. Son olaraq bunu qeyd edim ki, hər iki şəxs də qarşılıqlı, balanslı şəkildə yanaşmalıdır. "Kişi hər şey edər" deyib ona yükləndiyindən artıq məsuliyyət yüklənirsə, bir nöqtədə o da tükənəcək. Münasibətdə kişi və qadın ayrıcalığı mənəvi cəhətdən olmaması məqsədəuyğundur", - deyə Aydan Məmmədova əlavə etdi.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən