"Bu qidalar yeyildikcə beynimiz bu hissi təkrar yaşamaq istəyir" - Qida eksperti

 15:58 11.07.2025     231

İnsanlar arasında şəkərli qidalara, "fast food"a, qızardılmış və yağlı qidalara olan aslılıq geniş yayılmış haldır.

Bəs bu aslılıqların əsas səbəbi nədir?

Redaktor.az-a danışan qida eksperti Fərid Səfərov bildirdi ki, qida aslılığı ciddi mövzudur:

"Şəkər, duz, yağ və "fast food" kimi qidalar beyində dopamin adlı bir hormonun ifrazını artırır. Dopamin insanı xoşbəxt, məmnun və motivasiya olunmuş hiss etdirir. Bu qidalar yeyildikcə beynimiz bu hissi təkrar yaşamaq istəyir və bu davranış təkrarlanmağa başlayır, asılılıq dövrü yaranır. Sənaye üsulu ilə hazırlanan qidalar hiperləzzətli edilir. Şəkər, duz və yağ birlikdə istifadə olunur. Bu formulalar elə tərtib olunur ki, insan doymaq bilməsin, təkrar-təkrar istəsin. Bu səbəbdən "fast food" və cips kimi məhsulları nə qədər yesən də doymaq olmur".

Ekspert bildirdi ki, burada psixoloji faktorların da rolu var.

"Stres, narahatlıq, depressiya və ya darıxmaq kimi hallarda emosional yemək ehtiyacı yaranır. Beyin şəkərli və kalorili qidaları rahatlanma vasitəsi kimi qəbul edir. Bu da emosional asılılıq yaradır. İnsan yeməkdən çox hisslərini tənzimləməyə çalışır. Bəzi insanlar genetik olaraq dopaminə daha həssas ola bilər. Bu da onların yüksək kalorili qidalara daha tez bağlanmasına səbəb olur. Şəkər və "refined carbs" (ağ un, şirniyyatlar) qan şəkərini sürətlə artırır, enerji verir. Amma bu enerji çox tez düşür - insan özünü yorğun hiss edir və yenidən enerji üçün o qidanı istəyir. Bu da qırılmaz bir dövrə yaradır. Beyin bu maddələrə qarşı zamanla tolerantlıq yaradır. Əvvəlki həzz üçün daha çox yeməyə ehtiyac yaranır. Eynilə narkotiklərdəki mexanizm, doza artır, asılılıq dərinləşir", - deyə müsahibimiz vurğuladı.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən