"Başqasını günahlandırmaqla insan özünü qoruduğunu düşünür" - Psixoloq

 17:58 11.07.2025     244

Son dövrlər sosial şəbəkələrdə aktual olan məsələlərdən biri hansısa hadisədə ölən şəxslərin haqqında bilib-bilmədən yazılan rəylərdir. Biri qayaya çırpılıb ölür, onun ünvanına “yaxşı olub”, “layiq idi” deyilir, biri ailə üzvü tərəfindən öldürülür, “elə lazım olub”, “yaxşı olsa, öldürülməzdi” və s. kimi ifadələr işlədilir.

Bəs cəmiyyətimizdə bu qədər neqativ düşüncənin olmasının əsas səbəbi nədir?

Redaktor.az-a danışan psixoloq Nizami Orucov bildirdi ki, cəmiyyətin böyük hissəsi uzunmüddətli emosional yüklənmə və sosial ədalətsizlik içində yaşayır:

"İnsanlar öz həyatındakı qəzəbi və narazılığı sosial şəbəkədə başqalarının üzərinə yönəldirlər. Bu, bir növ daxili ağrının boşaldılması formasıdır. İkinci səbəb empatiya çatışmazlığıdır. Uşaqlıqdan duyğularla necə davranmağı öyrənməyən insan, başqasının acısına da biganə qalır. Üçüncüsü isə “mən olmaram” illüziyasıdır".

Psixoloqun sözlərinə görə, başqasını günahlandırmaqla insan özünü qoruduğunu düşünür.

"Sanki “yaxşı olsaydı, bu, baş verməzdi” deməklə özünü təhlükədən sığortalayır. Nəticə olaraq, bu reaksiyalar bir insanın ölümünə deyil, daha çox toplumun psixoloji halına işarədir. Həll yolu isə duyğu tərbiyəsi, empatiya bacarıqlarının artırılması və sağlam sosial münasibətlər qurmaqdan keçir", - deyə Nizami Orucov fikrini tamamladı.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən