Dənizdə üzməyin xeyirləri - Terapevt AÇIQLADI

Yayda insanların istirahət üçün üz tutduğu yerlərdən biri də dənizdir.
Bəs dənizin tibbi baxımdan insana hansı xeyirləri var?
Redaktor.az-a danışan terapevt Günay Lətifova bildirdi ki, dünyada olduğu kimi, Azərbaycanda da istirahət dedikdə yay yada düşür:
"Bu fikrin özü belə psixoloji olaraq insanlara çox müsbət təsir göstərir. Aydın məsələdir ki, hava isinib, yay ayları gəlib, demək istirahət vaxtıdır. İstirahətlərin çoxu məhz yay aylarına təsadüf edir. İstər dənizdə, istər hovuzda üzmək həm hüceyrələrə, həm onurğa sütununa, oynaqlara, əzələ sisteminə çox müsbət təsir göstərir. Hərəkət sisteminin balanslaşmasında müsbət təsiri var. Torpağın enerjini yüksəltmək üçün vasitə olduğunu nəzərə alsaq, torpaq da müsbət təsir göstərir. Sadəcə olaraq, bunu bir az limitləşdirmək lazımdır".
Terapevtin sözlərinə görə nə hovuzda, nə də dənizdə çox qalmaq olmaz.
"1-2 saatdan çox suda qalınmamalıdır. Günəş altında saat 12-dən 3-ə qədər olmamaq tövsiyə edilir. Dəridə yanıq yarana, allergiyası olan insanlarda isə allergik reaksiyalar ola bilər. Nəinki dənizdə, normal şərtlərdə belə istirahət zonalarında saat 12-3 arası mümkün qədər çöldə az olmaq lazımdır. Günəş qoruyucu krem isə mütləqdir. Təzyiq xəstəliyi, xroniki xəstəliyi olanlar xüsusilə diqqət etməlidirlər. 60 yaşdan yuxarı insanlara isə saat 4-dən sonra çölə çıxmaq tövsiyə olunur", - deyə Günay Lətifova vurğuladı.
Aytəkin TOFİQQIZI