Ətin qiyməti süni şəkildə qaldırılıb - AÇIQLAMA

 17:05 14.07.2025     197

Son günlər paytaxt bazarlarında mal ətinin, xüsusilə erkək dana ətinin qiyməti artıb.

Bəs bu qiymət artımının səbəbi nədir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən iqtisadçı Günay Hüseynova bildirdi ki, son günlərdə dana ətinin qiymətindəki 50 qəpik ,1 manatlıq artım spekulyativ xarakter daşıyır:

"Başqa sözlə desək süni qiymət artımıdır. Hal-hazırdakı iqtisadi şərait ətin qiymətinin artmasına əsas vermir. İlk növbədə qiymətlərin artması üçün tələbin təklifi üstələməsi lazımdır. Tələbin artması üçün də əsaslı səbəb olmalıdır. Bayramda tələb bəhanə gətirilərək fermerlər tərəfindən süni qiymət artımı oldu, lakin indi elə bir əsas yoxdur. Bayram öncəsi də qeyd etmişdim ki, qiymət artacaq, lakin gözə çarpmaması üçün işbazlar bunu ara-ara dönəmlərdə edəcək. Bugünkü artım da elə odur. Yay fəslidir, vətəndaş daha çox tərəvəz, ağartı məhsulları istehlak edir. Bununla yanaşı, regionlarda da yas məclislərinin verilməsi qadağan oldu, ətin qiyməti nə üçün qalxmalıdır?".

İqtisadçının sözlərinə görə, bəzi ekspertlər və işbazlar qiymət artımını quraqlıq, yemin qiymətinin qalxması və idxalla əlaqələndirirlər.

"Bu fikirlər tamamilə absurddur. Yeni il bayramı qabağı artır, hər il yanvar ayından minimum əmək haqqı və təqaüdlər açıqlanır, qiymət artır, martda Novruz bayramı ərəfəsi artır, Qurban bayramı ərəfəsi artır. Bu yemin qiyməti 2-3 ayda bir artmır axı. Quraqlıq məsələsinə qaldıqda, bəli, bu hal var, amma qiymətlərin süni ard-arda bahalaşmasına əsas deyil. İdxala qaldıqda isə ticarət əməliyyatları xarici valyuta ilə aparılır, qlobal krizdən sonra da illərdir xarici valyuta stabildir, həmçinin də, idxal olunan ölkələrin milli valyutası dollar qarşısında zəifləyib. Həmin ölkələrin də inflyasiya həddi qiymətləri valyutanın artım sürətini keçməyib. Qarabağ iqtisadi rayonu işğaldan azad edilib, yetəri qədər örüs sahələri var və mütəmadi olaraq da həmin bölgələrə əhali köçürülür. Düşünürəm ki, yaxın gələcəkdə qiymətlərin tənzimlənməsinə dair dövlət nəzarəti daha da güclənər", - deyə G.Hüseynova fikrini tamamladı.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən