"Qadının yemək bişirməsi elə faciəvi şəkildə təqdim edilir ki..." - Sosioloq

 19:17 14.07.2025     79

Sosial mediada paylaşılan bir görüntüdə qida məhsulunun üzərində yalnız qadınlara ünvanlanan “Əziz xanımlarımız, yemək bişirmək bir sənətdir…” kimi ifadələr yer alıb. Bu isə müzakirələrə səbəb olub. Bəzi qadınlar hesab edir ki, yemək bişirmək təkcə xanımlar üçün deyil, yəni kişilər də yemək bişirməlidir...

Mövzu ilə bağlı Redaktor.az-a danışan sosioloq Lalə Mehralının hesab edir ki, xanımların belə bir müzakirə açmasına ehtiyac yoxdur:

"Təəccüblüsü odur ki, insan niyə lazım olan hallarda, daha ciddi vəziyyətlərdə problemləri qabartmır, amma hər hansı bir xırda detalı böyüdüb gender bərabərsizliyinə, cinsiyyət ayrımına qədər şişirdib qabardır? Qadının yemək bişirməsi elə faciəvi şəkildə təqdim edilir ki, qadınların mətbəxə girməsi, ailəsinə, övladına, həyat yoldaşına yemək bişirməsi qadının alçaldılması kimi təqdim olunur. Bunu paylaşanda niyə cinsiyyət ayrımı kimi qəbul edirlər? Bunun özü müəmmalıdır. Bu qablaşdırmanın üzərində yazılan da, əslində, normal mental və milli dəyərləri olan cəmiyyət üçün xarakterik yazıdır. Bu cəmiyyətdə 90% hallarda qadınlar mətbəxə girir. Çünki kişilər qadınlardan daha uzun işləyirlər, daha uzun saat işdə qalırlar. Adətən ailənin qayğısına qadın qalır. Təbii olaraq, yemək markaları belə mətnləri qadınlara müraciətlə hazırlayır. Ona görə də burada qəribsənəcək və ya etiraz ediləcək bir vəziyyət olduğunu düşünmürəm".

Sosioloq qeyd etdi ki, belə vəziyyətlərdə etiraz edən qadınlar özlərini təhqir edilmiş, cinsiyyət ayrıseçkiliyinə məruz qalmış kimi təqdim edirlər.

"Amma elə həmin qadınlara kişilərə xas olan, fiziki güc tələb edən işlərə tabe olmaq təklif ediləndə, ona da etiraz edirlər. Yaxşı, qadınlar kişilər kimi ağır işlərə, hərbi xidmətə cəlb olunsunlar. O hallarda da etiraz edəcəklər. O zaman qadınlar da ağır işlərlə məşğul olsunlar?

Əslində bu, bizim əmək qanunvericiliyimizdə də öz əksini tapıb. Bəzi işlər qadınlara uyğun deyil. Bu işlərin qadınlara uyğun olmaması qanunla müəyyən edilib, çünki qadın fiziologiyasına uyğun gəlmir. Bəs buna niyə etiraz etmirlər? “İşləmək istəyirik!” deyə. Çünki bilirlər ki, fiziologiyaları buna uyğun deyil", - deyə Lalə Mehralı bildirdi.

Xədicə BAXIŞLI

2
Vumart və Güvən reklamı Vumart Güvən