Sosial mediada paylaşılan bu görüntülər insanların gerçək həyatı ilə uyğun gəlmir - Mütəxəssis

Hər səhər oyandıqda əlimiz ilk nəyə uzanır? Əgər cavab “telefon”dursa, deməli siz də milyonlarla insan kimi sosial medianın gündəlik vərdişlərindən birinin içindəsiniz.
Bəs görəsən, sosial mediadan istifadənin bizə nə kimi təsirləri var?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən marketinq üzrə mütəxəssis Vüsalə Tağıyeva bildirdi ki, sosial media gündəlik həyatımıza təkcə informasiya mənbəyi kimi deyil, həm də diqqət, enerji və zaman oğrusu kimi təsir edir:
“Çoxları “beş dəqiqə baxıb çıxacağam” deyə sosial mediaya girir, amma bir də baxır ki, 45 dəqiqə keçib. Həmin vaxt ərzində isə planladığı işlər ya təxirə düşür, ya da heç yerinə yetirilmir. Bu, artıq psixoloji asılılıq əlamətidir. Sosial medianın bu qədər sürətli yayılması insan davranışlarına da ciddi təsir edir. Beyin hər yeni bildirişdə dopamin ifraz edir. Bu da insanı daha çox reaksiya, bəyənilmə və diqqət axtarışına yönəldir. Zamanla bu, sosial təsdiq ehtiyacına və hətta özünüqiymətləndirmə pozuntularına gətirib çıxarır. Sosial media təkcə sosial əlaqə yeri deyil, eyni zamanda təlqindir, təzyiqdir, manipulyasiyadır".
Mütəxəssis deyir ki, sosial mediada təqdim olunan mükəmməllik görüntüləri insanların gerçək həyatı ilə uyğun gəlmir və bu da onlarda yetərsizlik hissi yaradır:
“Bir xanım müştərim paylaşdı ki, hər dəfə influenserlərin makiyaj videolarını görəndə, sanki öz məhsulu pis görünür. Ona görə də gördüyü məhsulu almağa ehtiyac hiss edir. Bu, artıq şəxsi seçim yox, alqoritmin yönləndirdiyi davranışdır. Statistik məlumatlara əsasən, dünyada bir insan gündə orta hesabla 2 saat 23 dəqiqəsini sosial mediada keçirir. Bu isə ildə təxminən 36 gün deməkdir. Yəni, bir ay vaxt sanki “scroll” etdikcə əlimizdən gedir. Bəzi hallarda isə bu təsirlər daha da dərinləşə bilər. İctimai təzyiqlər, trendlərə uyğunlaşma və saxta mükəmməllik görüntüləri sosial medianı təkcə zaman itkisinə deyil, psixoloji yüklənməyə çevirir".
Ekspert onu da qeyd etdi ki, sosial media tamamilə zərərli deyil:
“Əgər istifadəçi məqsədli, ayıq və seçici yanaşarsa, bu platformalar həm şəxsi inkişaf, həm maariflənmə, həm də biznes üçün güclü vasitəyə çevrilə bilər. Məsələn, evdə hazırlanan məhsulları sosial media üzərindən paylaşmaqla gəlir əldə edən yüzlərlə insan var. Sadəcə doğru niyyət və yönləndirmə lazımdır".
Nuriyyə NATİQQIZI