Uşaqlar niyə aqressivdir? - Psixoloq AÇIQLADI

 16:03 15.07.2025     86

Əsəbi və aqressiv davranış təkcə böyüklərə xas deyil. Son illər valideynlər arasında körpə yaşlı uşaqlarda əsəbilik, qışqırma və hətta vurma halları ilə bağlı narahatlıq artıb.

Bəs bu cür davranışlar nədən qaynaqlanır və valideynlər nə etməlidir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən psixoloq Zeynəb Əyyubova qeyd etdi ki, körpə uşaqlarda aqressiya və əsəb hallarının bir çox səbəbi ola bilər:

"Bu davranışlar, əslində, uşağın daxili ehtiyaclarını ifadə etmə vasitəsidir. Onlar hələ danışmaq, duyğularını tam şəkildə ifadə etmək qabiliyyətinə malik olmadıqları üçün davranışları vasitəsilə mesaj ötürməyə çalışırlar".

Mütəxəssisin sözlərinə görə, uşaqlarda aqressiya müxtəlif səbəblərdən ola bilir:

"Uşaqlar özlərini ifadə edə bilmədikdə əsəbləşirlər. İstədiklərini başa sala bilməmək onlarda aqressiya doğura bilər. Aclıq, yuxusuzluq, diş çıxarma və ya başqa bədən diskomfortları aqressiv davranışa səbəb ola bilər. Əgər uşaq ailədə gərginlik, mübahisə və ya aqressiv münasibət görürsə, bu davranış modeli ona ötürülə bilər. Uşaq gördüyünü təkrarlayır. Valideynlər ya uşağa tam sərbəstlik verir, ya da çox sərt davranırlarsa, uşaq aqressivliklə cavab verə bilər. O, bu şəkildə öz sərhədlərini müəyyən etməyə çalışır. Bəzən uşaqlar diqqət çatışmazlığı hiss etdikdə, neqativ davranışlarla diqqət çəkməyə çalışırlar, “mənə baxın” deyə sanki davranırlar.

Psixoloq bildirdi ki, nadir hallarda da olsa, bəzi uşaqlarda nevroloji pozuntular, sensor problemlər və ya spektr pozuntuları kimi vəziyyətlər aqressiv davranışlara səbəb ola bilər.

"Belə hallarda mütləq mütəxəssisə müraciət edilməlidir. Uşağın duyğularını adlandırın. “Görürəm ki, sən əsəbləşmisən.” Alternativ davranış modellərini göstərin. Səbirli olun və davranışın səbəbini anlamağa çalışın. Aqressiyanı cəza ilə deyil, anlayışla tənzimləməyə çalışın",- deyə sonda psixoloq vurğuladı.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən