Çimərliklərimizdə ekoloji vəziyyət narahatlıq yaradır - Mütəxəssislər AÇIQLADI

Yay aylarında paytaxt Bakıda və Xəzər sahili rayonlarda insanların istirahət üçün ən çox üz tutduğu məkanlardan biri çimərliklərdir. Lakin rahat və sağlam istirahət üçün yalnız dəniz suyunun təmizliyi yetərli deyil, həmçinin çimərliyin ətraf mühiti də eyni dərəcədə vacib rol oynayır.
Bu gün insanların üz tutduğu bəzi çimərliklər ya zibilliyi xatırladır, yaxud dənizə axıdılan çirkab suları müşahidə edirik. Eyni zamanda dəniz suyunun neftlə çirklənidiyini görürük. Bütün bunlar isə təbii ki, çimərliyə üz tutanlarda bağırsaq çöpü xəstəliyinin yaranmasına da gətirib çıxara bilir.
Redaktor.az-a danışan ekoloq Cavid Hüseynov bildirdi ki, əsas təmizləmə adətən çimərlik mövsümü başlamazdan əvvəl aparılmalıdır:
"Bunun üçün təmizlik şirkətləri, könüllülər və mövsümi təmizləyicilər işə götürülməlidir. Çimərliyin bərk tullantılardan əl ilə təmizlənməsi, maşınlardan istifadə etməklə qumun süzülməsi, sahil zonasının təmizlənməsi, şezlongların, çətirlərin, skamyaların, qabların, tualetlərin, soyunub-geyinmə otaqlarının və digər çimərlik avadanlıqlarının yuyucu vasitələrdən və dezinfeksiyaedici məhlullardan istifadə edərək dezinfeksiyası və sair işlər həyata keçirilməlidir".
Ekoloq bildirdi ki, bütün işlər fərdi qoruyucu vasitələrdən istifadə etməklə həyata keçirilməli və dezinfeksiyaedici maddələrlə təmasda olduqda respirator taxılmalıdır.
"Müvafiq qurumlar tərəfindən aparılmış birgə montorinqlər və laborator müayinələrinin nəticələrinə əsasən, Bakı şəhərinin Buzovna, Zuğulba, Mərdəkan, Şüvəlan, Novxanı, Goradil, Nardaran, Bilgəh və Pirşağı çimərliklərində dəniz suyunun fiziki-kimyəvi, bakterioloji göstəriciləri norma səviyyəsində olduğu bildirildiyinə görə adı çəkilən çimərliklərdə, mövcud tələblərə cavab verən yerlərdə istirahət etmək məsləhətdir".
Müsahibimizin sözlərinə görə, çirklənmənin ciddi halları neftlə bağlıdır.
"Neftlə çirklənmə iki səbəbə görə xüsusilə təhlükəli hesab olunur. Birincisi, suyun səthində dəniz flora və faunasını oksigendən məhrum edən örtük əmələ gəlir. İkincisi, neftin özü zəhərli birləşmədir.
Neft dəniz mühitinə daxil olduqda, əvvəlcə plyonka şəklində yayılaraq müxtəlif qalınlıqda təbəqələr əmələ gətirir. Əsl ekoloji fəlakətlər boru kəmərinin yırtılması və supertanker qəzaları nəticəsində böyük neft dağılmalarıdır. Neftdən başqa, okeana daxil olan ən zərərli tullantılara ağır metallar, xüsusilə civə, kadmium, nikel, mis, qurğuşun və xrom daxildir. Çirklənmə bütün bu xüsusiyyətlərinə görə çox ciddi dəyişikliklərə səbəb ola bilər ki, bu da bütün planetdəki iqlim və hava rejimi üçün həyati əhəmiyyət kəsb edir", - deyə C.Hüseynov bildirdi.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında İctimai Şuranın sədri Amin Məmmədov isə bildirdi ki, dəniz suyunun təmizliyinə nəzarət olunur.
"Əsasən dənizsahili ərazilərdə hansısa çirkab suyunun qeyri-qanuni buraxılmasının qarşısının alınması üçün nəzarət var. Əsas tədbirlər çirkab suyunun buraxılmamasına nəzarətdir. Belə olduqda dəniz suyunun keyfiyyəti yaxşı olur".
Müsahibimiz qeyd etdi ki, hökumət tərəfindən də əsas tövsiyə edilən çimərliklər Abşeron yarımadasının şimal sahilindəki çimərliklərdir.
"Bilgəh, Mərdəkan, Nardaran, Pirşağı və s. Aşağı tərəfdə yerləşən Şıx çimərliyi adətən tövsiyə olunmur. Müəyyən mövsümlərdə bağırsaq çöpü və ya başqa mikroblar aşkar olunub. Cənub sahilində Zığ, Hövsan, Dübəndi nisbətən təmiz hesab olunur. Buraya da getmək tövsiyə olunur. Bir az riskli olan əsasən Şıx çimərliyidir", - deyə Amin Məmmədov bildirdi.
Aytəkin TOFİQQIZI
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "ekologiya və ətraf mühitin mühafizəsi" mövzusunda dərc olunub.
