Boşanmanın kökündə nə dayanır? - SORĞU

Son illər Azərbaycanda boşanma hallarında artım müşahidə olunur. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, rəsmi nikahların sayı ilə müqayisədə boşanan ailələrin sayı getdikcə artır. Bu vəziyyət cəmiyyətdə ciddi narahatlıq doğurur. Bəs insanlar niyə boşanır? Boşanmaların kökündə hansı səbəblər dayanır?
Redaktor.az bu suallarla şəhər sakinlərinə müraciət etdi. Müsahiblərimizin cavabları müxtəlif və düşündürücü idi:
Bir vətəndaş hesab edir ki, bu prosesə ən böyük təsiri sosial şəbəkələr göstərir: "İndi hamı bir-birinin həyatına baxır, ailələrin içindən xəbəri olmadan mühakimə edir. Sosial şəbəkələr bir çox evləri yıxır. Adam ailəsinə baxmaq əvəzinə "instaqram"da başqasının həyatına həsəd aparır".
Başqa bir şəhər sakini isə insanların dəyişdiyini düşünür: "Əvvəllər insanlar bir-birinə daha səbirli idi. İndi hamı azad olmaq, sərbəst yaşamaq istəyir. Ailə anlayışı əvvəlki qədər müqəddəs qəbul olunmur".
"Milli dəyərlərimiz yavaş-yavaş itir. Kimsə ailə quranda bunun məsuliyyətini dərk etmir. Elə bilirlər bu, bir oyundur, alınmadısa ayrılmaq olar. Bu cür düşüncə təhlükəlidir",- deyə 60 yaşlı Səkinə xala bildirdi.
Bəs boşanma üçün müraciət edənlərin səbəbləri nələrdir?
Hüquqşünas Zibeydə Sadıqova bildirdi ki, ona müraciət edənlərin çox hissəsi məişət zorakılığı səbəbindən boşanmağa qərar verirlər:
"Bu, cəmiyyətimizdə hələ də ciddi sosial problem olaraq qalmaqda davam edir. Xüsusilə vurğulamaq lazımdır ki, bu qadınlar bir günlük, yaxud ani bir hadisə nəticəsində deyil, illərlə davam edən zorakılığın, psixoloji təzyiqlərin və alçaldıcı münasibətin qurbanı olublar. Onların bir çoxu uzun müddət bu vəziyyətə dözür, ailəsini qorumaq, uşaqları atalı böyüsün deyə susur, özünü günahlandırır, bəzən isə cəmiyyətin, qohumların və ya yaxın çevrənin "ev yıxan qadın" damğasından çəkinərək şiddətə göz yumur".
Onun sözlərinə görə, bu vəziyyət onu göstərir ki, məişət zorakılığı təkcə hüquqi və ya ailə problemi deyil, həm də dərin sosial və psixoloji aspektləri olan bir məsələdir.
"Belə qadınlara yalnız hüquqi dəstək yetərli deyil, onlara psixoloji, sosial və bəzən iqtisadi dəstək də vacibdir. Cəmiyyət olaraq bu mövzuda daha həssas yanaşmalı, zorakılığa məruz qalan insanların səsini eşitməli və onlara güvənli çıxış yolları təqdim etməliyik",- deyə vəkil qeyd etdi.
Nuriyyə NATİQQIZI