"Bu maddələrin bədən üçün zəruri olduğunu unutmaq olmaz" - Qida eksperti

 17:24 16.07.2025     128

Gündəlik qida rasionumuzda demək olar ki, vazkeçilməz sayılan yağ, duz və şəkər tozu həm ləzzət baxımından, həm də bədənimizin müəyyən funksiyalarını yerinə yetirməsi üçün mühüm rol oynayır.

Bəs bu qidalar həddindən artıq çox istifadə edildikdə hansı fəsadlar yaradır?

Mövzu ilı bağlı Redaktor.az-a açıqlama verən qida eksperti Fərid Səfərov bildirdi ki, yağ, şəkər tozu və duz gündəlik rasionumuzunda həddindən artıq istifadə olunarsa, ciddi sağlamlıq problemlərinə səbəb ola bilər:

"Yağ enerji baxımından yüksək olduğu üçün artıq istifadə bədən çəkisinin artmasına səbəb olur. Trans yağlar və doymuş yağlar "pis" xolesterolu artırır və ürək-damar xəstəlikləri riskini yüksəldir. Çox yağlı qida qəbulu qaraciyərdə piy yığılmasına səbəb ola bilər. Yağlı qidalar həzmi gecikdirir, bu da köp, reflü və qəbizlik kimi narahatlıqlara yol aça bilər".

Müsahibimizin sözlərinə görə, davamlı olaraq yüksək şəkər qəbulu insulin müqavimətinə və nəticədə diabetə səbəb ola bilər.

"Artıq şəkər enerji balansını pozaraq bədən çəkisini artırır. Şəkər bakteriyalar üçün qida mənbəyidir və ağız boşluğunda turşu əmələ gətirərək mina təbəqəsinə ziyan vurur. Duzun əsas tərkibi olan natrium qan damarlarında təzyiqin artmasına səbəb olur. Yüksək təzyiq bu xəstəliklərin əsas səbəblərindəndir. Artıq natrium böyrəklərə yük salır, bu da böyrək funksiyasını zəiflədə bilər. Duz sidik vasitəsilə kalsium itkisinə səbəb olur, bu da osteoporoza gətirib çıxara bilər. Duz bədəndə suyun tutulmasına səbəb olur, bu da şişkinlik yarada bilər. Bu maddələrin bədən üçün zəruri olduğunu unutmaq olmaz, lakin miqdarına diqqət etmək vacibdir", - deyə F.Səfərov bildirdi.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən