Psixoloq uşaqları telefondan ayırmağın yollarını AÇIQLADI

Uşaqların ən yaxın dostlarından biri telefondur. Telefonun isə faydası olduğu kimi, ziyanı da mövcuddur.
Uşaqları telefondan necə ayırmaq olar ki, onlar bu sarıdan zərər görməsinlər?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında psixoloq Zeynəb Əyyubova bildirdi ki, texnologiya artıq həyatımızın ayrılmaz hissəsidir. Onun sözlərinə görə, telefon və planşetlər uşaqlar üçün sadəcə əyləncə vasitəsi deyil, həm də öyrənmə və sosiallaşma platformasıdır:
"Ona görə də, məqsəd telefonu tam qadağan etmək yox, balanslı istifadəyə yönləndirmək olmalıdır. Uşaqları telefondan uzaqlaşdırmaq üçün ilk addım - əvəzləyici alternativlər təklif etməkdir. Uşaq nədən vaz keçəcək? Əgər ona maraqlı gələn bir alternativ təqdim olunmursa, təbii ki, telefondan əl çəkməyəcək".
Psixoloq qeyd etdi ki, bu alternativlər yaşa görə dəyişə bilər:
"Kiçik yaşlı uşaqlar üçün oyunlar, təbiətdə vaxt keçirmək, sadə sənət məşğuliyyətləri;
Böyük yaşlı uşaqlar üçün idman, musiqi alətləri, robot texnikası və ya maraq dairəsinə uyğun kurslar.
İkinci vacib amil valideyn modelidir. Əgər valideyn özü də daim telefondadırsa, uşağa “telefonu çox istifadə etmə” demək təsirli olmur. Uşaqlar dediklərimizdən çox, etdiklərimizi təqlid edirlər.
Üçüncü yol isə gündəlik rejimin birgə hazırlanmasıdır. Əgər uşaqla birlikdə “ekran vaxtı” müəyyən olunursa və o buna razıdırsa, bu zaman o qaydaya əməl etmək daha asan olur. Məcburiyyət olmadan, qarşılıqlı razılaşma ilə.
Və nəhayət, emosional bağ güclü olanda, uşaq ekranı deyil, sizi seçər. Əgər uşaq özünü başa düşülmüş, dəyərli və qəbul olunmuş hiss edirsə, təbii olaraq sizinlə daha çox vaxt keçirmək istəyəcək. Bu da ekrana ehtiyacı azaldır".
Xədicə BAXIŞLI