"Sosial şəbəkədə çox vaxt keçirmək qısqanclıqdan doğan davalara, boşanmalara gətirib çıxarır" - Psixoloq

 16:17 17.07.2025     285

Əvvəllər ailə birliyi insanlar üçün hər şeydən önəmli idi. Ailədə sevgi, hörmət, bir-birinə dəyər vermək əsas prinsiplər sayılırdı. Amma bu gün bir çox ailələrdə əvvəlki isti münasibətlər, yaxınlıq və anlayış hissləri tədricən azalır.

Bəs ailə bağlarının zəifləməsinə nələr səbəb olur?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən psixoloq Günay Kərimi bildirdi ki, tez-tez "ailə cəmiyyətin özəyidir" ifadəsi ilə rastlaşırıq:

"Doğrudan da bu belədir. Çünki sağlam cəmiyyətin formalaşmasında ailənin böyük rolu var. Azərbaycan xalqı qədim dövrlərdən ailə dəyərlərinə böyük önəm verib və bu dəyərləri də nəsillərdən-nəsillərə ötürüb. Müasir dövrümüzdə ailələrdə baş verən zəifləmələrlə təəssüf ki, qarşılaşmaqdayıq. Bunun da kökündə müxtəlif səbəblər durur. Ümumiyyətlə, o ailələrə möhkəm, sağlam ailə deyilir ki, orada ailə quran cütlüklər hər şeydən öncə bir-birilərinə hörmətlə yanaşsınlar, dəyər versinlər".

Müsahibimiz qeyd etdi ki, bu gün internet dövrünü yaşayırıq və bu çox mənfi təsirlər göstərir:

"Təəssüf ki, sosial şəbəkələrdə çox vaxt keçirmək də ailə münasibətlərində bəzən qısqanclıqlardan doğan davaların yaranmasına və münasibətlərin soyumasına gətirib çıxarır. Çünki hər iki tərəfin bir-birinə marağı azalır. Bu da ailə münasibətlərinin zəifləməsinə və boşanmaların sayının artmasına yol aça bilir".

G.Kəriminin sözlərinə görə, hörmət hissi olmayan ailələrdə qadın və kişi öz öhdəliklərindən xəbərsizdir.

"Ailədə yaranan problemlərdə qarşılıqlı müzakirələr aparılmır, bir-birinin fikri nəzərə alınmır. Belə ailələr artıq təməli zəif ailələrdir. Belə olanda da zaman keçdikcə daha böyük problemlər özünü göstərir.

Səbəblərdən biri də ailə qurarkən doğru seçimlərin edilməməsidir. İnsanlar sevgili, nişanlı zamanlarında bir-birilərinə ən gözəl tərəflərini göstərirlər. Ailə qurduqdan sonra isə əsl iç üzü ortaya qoyurlar. Ona görə də ta əvvəlindən doğru tanımağa və “bu insan mənə doğru həyat yoldaşı ola bilərmi?” sualına əminliklə cavab tapıb, sonra ailə qurmaq daha doğru olandır",- deyə sonda psixoloq vurğuladı.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən