Hansı yağları alaq? - Eyyub Hüseynovdan alıcılara TÖVSİYƏ

 15:00 17.07.2025     259

Kərə və duru yağlar keyfiyyət, tərkib baxımından hər zaman əhali arasında şübhə doğuran məsələlərdəndir.

Redaktor.az-a danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirdi ki, əmtəə bazarının yağ sektorunda çox çirklənmələr var:

"Qida Təhlükəsizliyi Agentliyinin adından da görürük ki, onlar qidanın təhlükəsizliyini təmin edir. Keyfiyyət məsələsi arxa plandadır. Yaxşı haldır ki, Qida Təhlükəsizliyi Agentliyi etiket məlumatları ilə tərkibin araşdırılması işinə də baxırlar. Həm duru yağ, həm də kərə yağı bazarında çirklənmələr var. İstehlakçılar bu haqda hər həftə mənə zəng edirlər ki, necə seçim etmək lazımdır".

Müsahibimizn sözlərinə görə, ona uzun illər uzaq ölkədən gətirilən Yeni Zellandiya yağları ilə bağlı təzadlı informasiyalar gəlib:

"İllər öncə Gürcüstandan Yeni Zellandiyadan gətirilən yağların saxtaları da gəlirdi. 5 il öncə Yeni Zellandiyaya konfransla bağlı səfərim olub. Oradakı kolleqaların köməyi ilə mən Azərbaycana yağ gətirən zavoda getdim. "Vestgold" yağını Azərbaycana göndərən zavod idi. Fermer təsərrüfatında heyvan sağımını müşahidə etdim. Məlum oldu ki, orada heyvançılar qış mövsümü keçirmirlər. Daim açıq havada olurlar. Yağ ucuz əmələ gəlir və Azərbaycana normal qiymətə gəlir. O vaxtdan özüm də "Vestgold" yağlarından istifadə edirəm. Təmiz yağdır.

Bununla bərabər, ölkədə Fransadan, Almaniyadan və digər ölkələrdən də yağlar gətirilir. Eləcə də yerli olaraq yağ istehsalı mövcuddur. Çox yaxşı haldır ki, Qida Təhlükəsizliyi Agentliyi yerli istehsalda olan problemləri araşdırır və bitki yağları ilə qarışdırılmış yağları ifşa edir. Ən böyük ifşaya layiq “Nənəmin Nehrəsi”, “Nənəmin Yağı” yağlarıdır. Onların əksər hissəsi Qida Təhlükəsizliyi Agentliyinin nəzarəti altında deyillər. Çünki satış yerləri ciddi yerlər deyil. Bunların tərkibində marqarin çox olur və s. Bu məsələdə insanlar diqqətli olmalıdırlar".

Eyyub Hüseynov alıcılara məsləhət verdi ki, bütün hallarda kərə yağı alan zaman yağı sıxsınlar:

"Hansı yağ əllərinə bərk gəlirsə, o yağa üstünlük versinlər. Çünki kərə yağı soyuq temperaturda donur, bərk olur. Digər yağlar isə yumşaq olur. Əlbəttə, buraxılma tarixi, son yararlılıq müddəti və bu tarixlər arasında məsafənin qısa olması çox vacib elementlərdəndir".

AİB sədri qeyd etdi ki, duru yağ bazarında da problemlər yaşanır:

"Bununla bağlı da istehlakçılar tərəfindən zənglər gəlir. Qarğıdalı özü quru dənlidir, ondan necə bu qədər yağ əldə etmək olar? Azad İstehlakçılar Birliyi bu məsələni araşdırmayıb. Biz məsələni araşdıracağıq.

Düşünürəm ki, Azərbaycanda istehsal olunan zeytun yağları ən mükəmməl yağlardan biridir. Bunlar təmiz zeytun yağlarıdır. Soyuq sıxılmış günəbaxan yağı istilik temperaturuna məruz qalmadığı üçün tez xarab olur. Azərbaycanda bunun kiçik istehsalçıları var. Onlar bunu markalayıb geniş satışa çıxarsınlar, çünki səmərəli yağdır. Lakin Azərbaycana başqa ölkələrdən duru yağlar gətirilir. Sadəcə təmizlənməmiş olur. Azərbaycanda təmizlənir və qablaşdırılır. Azərbaycanda istehsal olunan günəbaxan yağları xammal şəklində gətirilir. Burada müəyyən emaldan keçir, sonra satışa buraxılır".

Müsahibimiz vurğuladı ki, zeytun yağlarını təxmini Azərbaycanda 6-7 firma buraxır:

"Çox təqdirəlayiq yağlardır. Həm də Qida Təhlükəsizlyi Agentliyi nəzarət edir. Yağlarla bağlı insanlar şübhə duyduqda 1003 qaynar telefon xətti ilə Qida Təhlükəsizliyi Agentliyinə məlumat vermələrini tövsiyə edirəm".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən