Taksidən istifadə edənlərin sayı buna görə azalıbmış... - AÇIQLAMA

Azərbaycanda taksi xidmətindən istifadə edənlərin sayında keçən illə müqayisədə 0.6 faiz azalma qeydə alınıb.
Bəs bu azalmanın səbəbi nə ilə bağlıdır?
Nəqliyyat eksperti Eldəniz Cəfərov Redaktor.az-a bildirdi ki, bu gün vətəndaşlar üçün nəqliyyatın avtobus seqmenti, istər şəhərlərarası, istərsə də ictimai nəqliyyatda, daha cəlbedici olub:
"Şəhərlərarası səfərlərə yeni avtobusların buraxılması, müxtəlif rayon və şəhərlərə alternativ avtobus səfərlərinin təşkil olunması taksidən istifadəni olduqca azaldır. Taksidən istifadənin azalmasında taksi islahatlarının da rolu var. Əvvəllər taksidə istismar olunan xeyli sayda köhnə avtomobillər var idi, həmçinin bacarıqsız, təcrübəsiz sürücülər də çoxluq təşkil edirdi. İslahatlardan sonra həm bu köhnə avtomobillər dövriyyədən çıxarıldı, həm də sürücü tələbləri sərtləşdirildiyi üçün əmək bazarından kənarlaşdırılan sürücülərin sayı artdı. Nəticədə taksiyə çıxan sürücələrin sayında da azalma müşahidə olundu".
Ekspertin sözlərinə görə, son illərdə paytaxtda və iri şəhərlərdə avtobuslara xüsusi zolaqların ayrılması bu nəqliyyat növünə olan marağı daha da artırıb.
"Çünki vətəndaşlar avtobus zolağı sayəsində tıxacda vaxt itirmədən, daha sürətli və rahat şəkildə ünvana çata bilirlər. Bu da birbaşa şəkildə ictimai nəqliyyata, xüsusilə də avtobuslara olan tələbatı artıran əsas amillərdən biridir", - deyə E.Cəfərov qeyd etdi.
Nuriyyə NATİQQIZI