Dondurma adı ilə buzlanmış süd satılır - AÇIQLAMA

Yayın gəlişi ilə həm uşaqların, həm böyüklərin sevimlisi olan dondurma yenə dəbdədir.
Dondurma alarkən nələrə diqqət etməliyik?
Redaktor.az-a danışan qida eksperti İlkin Şirinov bildirdi ki, yayın gəlməsi ilə insanlarda dondurmaya və sərin içkilərə olan tələbat artır:
"Dondurma alarkən ən çox diqqət olunan məqamlardan biri dondurma satılan məkanın, saxlanılan dondurucunun sanitar-gigiyenik qaydalara uyğunluğudur. Gigiyenik normaların pozulmaması ilə satılan yerlər diqqətdə olmalıdır. Etiket qaydalarına baxılmalıdır. Dondurmanın əridilib yenidən dondurulması, buz halına gətirilib satılması təhlükə yarada bilər. Dondurmanın üzərində istehsal və son istifadə tarixi olmalıdır. Dondurmanın tərkibi haqqında məlumat tam və dəqiq əks olunmalıdır".
Qida ekspertinin sözlərinə görə, dondurmanın tərkibi şəkər tozu, süd, vanil, yumurta sarısıdırsa, burada hansısa qatqıdan söhbət getmir:
"Yox əgər tərkibində müxtəlif bitki yağları, rəngləndirici, dadlandırıcılar varsa, burada kimyəvi qatqılardan söhbət gedir. Bu, sağlamlıq üçün təhlükəlidir. Uşaqlar üçün dondurma alarkən heç bir qatqısı olmayan dondurmalara üstünlük verilməlidir. Əgər dondurma yeyərkən tərkibini tam biliriksə, sağlamlıq risk altına düşmür. Dondurmanın daşınma məsələsi də önəmlidir. Çünki dondurma daşıyan şirkətlər, maşınlar soyuducuya qənaət etsinlər, əlavə yanacaq işlətməsinlər deyə, dondurmaları maşınların soyuducusunu söndürüb sərin hava şəraitində saxlayırlar. Bu, artıq soyuq qida zəncirinin qırılması deməkdir".
Müsahibimiz bildirdi ki, dondurma məhsul altında qalarsa, ərimə prosesi başlayır.
"Həmin məhsul yenidən soyuduculara doldurulur. Artıq buz hissəcikləri özünü qabarıq büruzə verəcək. Bu məhsulların keyfiyyət məsələsində şübhə yaranır. Dondurma qoyulan qablar və paketlər cırılmış, şişmiş olmamalıdır. Tam şəffaf olmalıdır. Bəzən dondurma adı ilə buzlanmış süd satılır. Üzərində yalnız “dondurma” yazısı olub, tərkibi olmayanı almaq təhlükə yaradır", - deyə İlkin Şirinov əlavə etdi.
Aytəkin TOFİQQIZI