Uşaqların bir yaşından bağçaya getməsi doğrudur? - Psixoloq AÇIQLADI

 20:00 18.07.2025     72

Bəzi özəl bağçalar 1 yaşına çatmamış uşaqları bağçaya qəbul edirlər.

Bu nə dərəcədə düzgündür? Ümumiyyətlə uşaqların bağçaya getməsi üçün doğru yaş nə zamandır?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında psixoloq Pərvanə Musayeva bildirdi ki, bağça dönəmi hər bir uşağın həyatında əhəmiyyətli yer tutur:

"Bu mərhələ uşağın inkişafına və sosial durumuna müsbət təsir etmiş olur. İlk öncə onu qeyd edim ki, hər uşağın inkişafı individual olduğu üçün bağça yaşı da fərqli ola bilər. Son illərdə bəzi özəl bağçaların 1 yaşına çatmamış körpələri qəbul etməyə başlaması ciddi müzakirələrə səbəb olub. Bu addımın arxasında bir çox faktor dayanır, məsələn, valideynlərin işləməsi, ailə dəstəyinin olmaması, erkən sosiallaşma istəyi və s. dayansa da, burada əsas sual yaranır: bu qərar uşağın inkişafı baxımından nə dərəcədə düzgündür?

İlk olaraq erkən yaş dövrü və emosional təhlükəsizlik problemi yaranır. 1 yaşına qədər olan dövr uşağın emosional bağlanma, təhlükəsizlik hissi və əsas tənzimləyici bacarıqların formalaşdığı kritik bir mərhələdir. Bu yaş dövründə uşağın əsas baxım verən (adətən ana və ya əsas qayğıverici) ilə sabit və emosional bir əlaqəyə ehtiyacı var. Bu əlaqə uşağın gələcəkdə münasibət qurma, özünü tənzimləmə və stresə cavab reaksiyalarını birbaşa təsir edir".

Müsahibimiz dedi ki, bağçaya erkən getmək bu bağlanmanı zəiflədə və ya pozarsa, uşaqda ayrılıq narahatlığı, etibarsız bağlanma növləri, emosional və davranış çətinlikləri inkişaf edə bilər. Onun sözlərinə görə, bağçanın struktur və mühit uyğunluğu da önəmli faktordur:

"1 yaşına çatmamış uşaqların ehtiyacları çox spesifikdir. Onlarda daha çox fiziki təmas, əsas etibar etdiyi şəxsə yaxınlıq, sadə, səssiz və ritmik mühit, fərdi diqqət və qidalanma, yuxu rejiminin sabitliyi vacibdir. Əksər bağçalar bu şəraiti tam təmin edə bilmir. Tərbiyəçi sayının azlığı, sıx qrup şəraiti və rejimin standartlaşdırılması bu yaş qrupuna uyğun deyil.

Sosiallaşma baxımından bağçaya ehtiyac varmı deyə sual versək, bəzi valideynlər uşaqlarının erkən sosiallaşması üçün bağçaya getməsini vacib hesab edir. Lakin 1 yaşında uşaqda əsl sosial bacarıqlar formalaşmamış olur. Bu yaşda paralel oyun (yan-yana oynamaq) olsa da, həqiqi qarşılıqlı oyun və sosiallaşma 2-3 yaşdan sonra inkişaf edir. Ona görə də, 1 yaşda bağçaya getmək sosial baxımdan tövsiyyə edilmir, əksinə, uşağın stresə məruz qalma riskini artırır.

Uşağın fərdi inkişaf xüsusiyyətlərindən asılı olaraq bu dəyişə bilər, lakin ümumi olaraq 2,5–3 yaş arası bağçaya başlamaq üçün daha uyğundur. Bu dövrdə uşaq ayrılığı daha yaxşı qavrayır, nitq və özünüifadə bacarıqları inkişaf edir, oyun vasitəsilə ünsiyyət qurmağa başlayır, tualet vərdişləri formalaşmağa başlayır.

Əgər ailədə mühit yetərlidirsə, uşağın ilkin bağlanması sağlamdırsa və ana ilə əlaqə sabit və etibarlı qurulubsa, 3 yaşa qədər bağçaya ehtiyac yoxdur".

Psixoloq qeyd etdi ki, valideyn işləmək məcburiyyətindədirsə və uşaqla gün ərzində məşğul olmaq çətinləşirsə, alternativ variantlar düşünülə bilər:

"Evdə dayə dəstəyi (mümkün olduqda eyni şəxs), yarı zamanlı oyun qrupları (2 yaşdan sonra), ana-uşaq birlikdə iştirak etdiyi oyun seansları. Əsas meyar isə uşağın təhlükəsiz, qayğı dolu və ritmik bir mühitdə olmasıdır. Sadalanan nüansları nəzərə alaraq, 1 yaşına çatmamış uşaqların bağçaya verilməsi psixoloji və inkişaf baxımından riskli ola bilər. Bu dövrdə uşağın ehtiyac duyduğu ən əsas şey sabit və etibarlı bağlanmadır. Bu ehtiyac qarşılanmadan sosiallaşma və ya inkişaf adına atılan erkən addımlar, uşağın emosional rifahına zərər verə bilər. Ən doğru addım uşağın inkişafını, ailənin şəraitini və bağçanın imkanlarını obyektiv qiymətləndirərək qərar verməkdir", - deyə Pərvanə Musayeva bildirdi.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən